Modern.az saytı xəbər verir ki, maliyyə naziri Samir Şərifov parlamentdə büdcə müzakirələri zamanı deputatların qaldırdıqları məsələlərə münasibət bildirib.
Nazir deyib ki, deputatların bəziləri büdcənin ictimai müzakirəsini istəyir: “Mən bilmək istəyirəm ki, ictimai müzakirələr deyəndə bunlar nəyi nəzərdə tuturlar”.
Nazir bildirib ki, bir çox millət vəkilləri təmsil etdikləri bölgələrin problemlərilə bağlı, xüsusilə də məktəb, uşaq bağçaların tikilməsi, yolların çəkilməsi, məişət problemləri, sosial obyektlərin inşa edilməsi ilə bağlı müxtəlif fikirlər irəli sürdülər: “Biz Milli Məclisdə deputatlar tərəfindən irəli sürülən bütün təklifləri təhlil edirik və nəzərə alarıq.
Müzakirələr zamanı deputatlar tərəfindən sosial məslələr, pensiya və məvaciblərin artırılması da təklif olundu. 2012-ci ildə əmək haqlarının, pensiyaların qaldırılması üçün 800 milyon manat pul nəzərdə tutulub. Deputatlar niyə danışmırlar ki, hökümət 2011-ci ildə pensiya sahəsində ciddi islahatlar aparılıb. Onu da nəzərə almaq lazımdır ki, bir ilin dövlət büdcəsi ilə ölkədəki bütün problemləri həll etmək mümkün deyil. Bu gün ölkəmizin su təchizatı və kanalizasiya məsələlərinə xüsusi diqqət yetirilir. Bütun regionlar üzrə yeni su, kanalizasiya şəbəkəsi yaradılacaq. Bu da Azərbaycanın tarixində olmayan bir məsələdir. Bütün bunlar üçün təxmini hesablamalara görə 7 milyard manat vəsit tələb olunur. Ona görə də əlavə vəsaitə ehtiyac var. Həm də onuda nəzərə almaq lazımdır ki, ötən il və bu il təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün xeyli vəsait xərclənib. Mən hesab edirəm ki, bütün bunları nəzərə almaq lazımdır”.
Samir Şərifov onu da bildirib ki, elektrik enerji təchizatının verilməsi sahəsində də müəyyən məsələlər var ki, bunun üçün də bütün sistemi yeniləşdirmək lazımdır: “Bunun üçün də kifayət qədər vəsait tələb olunur”.
Nazir qeyd edib ki, müzakirələr zamanı universitetlərin yataqxanaları ilə bağlı məsələlər qaldırılıb: “Təbii ki, cənab Prezidentin bununla bağlı göstərişi var, bu göstərişlərə uyğun olaraq işlər aparılır. Amma Bakı şəhərində müvafiq bir yer ayrılmalıdır ki, yataqxana konpleksi yaradılsın. Nəzərə almalıyıq ki, universitetin yataqxanalarında məcburi köçkünlər məskunlaşırlar. Təbii ki, məcburi köçkünlərin yataqxanalardan köçürülməsi ilə bağlı işlər gedir”.
S.Şərifov onu da bildirib ki, müzakirələr zamanı hərbi qulluqçularla bağlı məsələlər də qaldırıldı. Burada fikirlər səsləndirilib ki, cəhbə bölgəsində xidmət keçən hərbi qulluqçunun digər ərazilərdə xidmət hərbi qulluqçularla məvacibi eynidir. Ancaq bu, belə deyil. Cəbhə bölgələrində xidmət edən hərbi qulluqçulara əlavə vəsait verilir. Hərbi qulluqçuların kirayə məsələsinə gəlincə, qeyd edim ki, bu məsələ müvafiq şəkildə öz həllini tapıb”.
Nazir QHT Şurası ilə bağlı ötən gün səsləndirilən fikrə münasibət açıqlayb: “Məsələ qaldırıldı ki, Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının büdcəsi qaldırılsın. Mən hesab edirəm ki, büdcə hazırlanarkən mümkün balans qorunub”.
Modern.az