Mübariz İbrahimov adına Gənclərin I Ümumrespublika Teatr Festivalı çərçivəsində Azərbaycan tarixində ilk dəfə keçiriləcək “Art Kamp”a start verilir. Art-Kampda peşəkar aktyor və rejissorlar tərəfindən pulsuz ustad dərsləri və müxtəlif janrlarda seminarlar təşkil ediləcək. Art-Kampda Teatr Festivalının iştirakçıları iştirak edəcək. 100-dən çox gənc 3 gün ərzində peşəkar insanlardan ustad dərsləri almaqla yanaşı, əyləncəli yarışlara, tədbirlərə də qatılacaqlar.
“Art-Kamp”ın ilk günündə bu gün saat 14.00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu kafedrasının müdiri Sevda Teymurova gənclərə master klas keçəcək.
Ardınca saat 17.00-da şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu və aktyor-rejissor Şeyx Əbdül Mahmudbəyov gənclərə ustad dərsi verəcək.
Xatırladaq ki, Mübariz İbrahimov adına Gənclərin I Ümumrespublika Teatr Festivalının ideya müəllifi millət vəkili Jalə Əliyeva, icraçı direktoru Ramil Ağasıyev, bədii rəhbəri Əfsələddin Ağalarovdur.
Modern.az