Bu gün Milli Məclisin deputatı Musa Quliyevin ad günüdür. Modern.az saytının məlumatına görə, millət vəkilinin 50 yaşı tamam olub.
Deputat Musa Quliyev 1961-ci il noyabrın 25-də Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisyan rayonundakı Urud kəndində anadan olub. Burada orta məktəbi qızıl medalla başa vuran M.Quliyev 1984-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini, 2004-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib.
Əmək fəaliyyətinə təyinatla göndərildiyi Gəncə şəhərində, A.Səhhət adına 1 saylı xəstəxanada həkim kimi başlayıb (1984-1985).
Gəncə Narkoloji dispanserində həkim-narkoloq (1986-1990), 7 saylı Bakı şəhəri poliklinikasında həkim nevropatoloq (1990-1993), Bakı şəhəri Yasamal rayonunda həkim əmək ekspert komissiyasında ekspert nevropatoloq (1993-1994), Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyində şöbə müdiri (1994-1997), idarə rəisi (1997-2000) vəzifələrində çalışıb.
Tibb elmləri namizədi olan Musa Quliyev həm də qələm adamıdır. 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, şeirlər yazır.
İlk mətbu şeirləri 1984-cü ildə dərc olunub. Bir sıra kitabların müəllifidir.
2000-2005-ci illərdə ikinci çağırış Azərbaycan Milli Məclisinin üzvü olub. 2005-ci il noyabrın 6-da 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən üçüncü çağırış Milli Məclisə deputat seçilib. 2011-ci il noyabrın 7-də bu dairədən təkrar olaraq millət vəkili seçilib.
Milli Məclisin Sosial siyasət komitəsi sədrinin müavinidir. Yeni Azərbaycan Partiyasında təmsil olunur.
Evlidir, 3 övladı var.
Modern.az