Azərbaycan-Litva Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, Avronest PA-nın Enerji Komitəsinin həmsədri Fuad Muradov və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev Litva Seyminin dəvəti ilə 23-25 noyabr tarixlərdə Vilnüs şəhərində səfərdədirlər.
Səfər barədə məlumat verən millət vəkili Fuad Muradov Modern.az-a bildirib ki, Litva Seymində keçirdikləri görüşlər zamanı Azərbaycanın inkişafı, Avropa inteqrasiya məsələləri, ərazi bütövlüyü, o cümlədən Azərbaycan - Litva parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.
Millət vəkillərinin Seymin vitse-spikeri Algis Çaplikas, Beynəlxalq əlaqələr Komitəsinin üzvləri və sədri Emanuelis Zingeris, Litva-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvləri və rəhbəri Egidijus Vareykis ilə görüşləri zamanı Azərbaycanın ərazi bütövlüyü və ərazilərinin işğalı məsələsi müzakirə olunub.
Vilnüsə səfər çərçivəsində millət vəkilləri Seymin Sosial-Demokratlar Fraksiyasının nümayəndəsi Yuzas Olekas, “Qayda və ədalət” fraksiyasının nümayəndəsi Valetinas Mazuronis, Mərkəz və Liberallar İttifaqı Fraksiyasının nümayəndəsi Arunas Valinskas, Litva Respublikasının Təhsil və Elm Naziri, Liberallar Hərəkatı Fraksiyasının nümayəndəsi Gintaras Steponaviçus, Xristian Partiyası Fraksiyasının nümayəndəsi Aleksandr Saxaruk, Seymin Baş katibi Jonas Milerius və Baş katibinin müavini, Twinninq layihəsinin rəhbəri Gedeminas Aleksonis və həmin layihənin iştirakçıları olan Seym üzvləri ilə görüşüblər.
Bu gün millət vəkilləri Litva Seyminin vitse-spikeri, Avropa ilə əlaqələr Komitəsinin sədri Çeslovas Stankeviçus, Avropa Parlamentinin deputatı Viktor Uspaskich və Vyatautas Landsbergis ilə görüşlər keçiriblər.
Modern.az