Modern.az

Deputatlar iraqlı nazirlə görüşüblər

Deputatlar iraqlı nazirlə görüşüblər

25 Noyabr 2011, 15:26

Azərbaycanda səfərdə olan İraqın bələdiyyələr və ictimai işlər naziri, Azərbaycan hökuməti və İraq hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın sədri Adil Muheydər Razi Əl-Maliki Milli Məclisin Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb.

İşçi qrupunun rəhbəri İlham Məmmədov deyib ki, Azərbaycan ilə İraq arasında əlaqələrin qədim tarixi var. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz daha da genişlənib. İkitərəfli əlaqələrin inkişafında qanunverici orqanların rolunu xüsusi vurğulayan İ.Məmmədov hər iki ölkənin parlamentində dostluq qruplarının yaradılmasını yüksək qiymətləndirib. İ.Məmmədov deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışıb, nazirin ölkəmizə səfərinin əməkdaşlığımızın daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

Bir neçə gün sonra İraqa səfər edəcəyini bildirən işçi qrupunun üzvü, deputat Qənirə Paşayeva ölkəmizdə həyata keçirilən islahatlar, əldə olunmuş uğurlar, eləcə də regionun və Azərbaycanın inkişafına ciddi maneə olan Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verib. Q.Paşayeva bütün təzyiqlərə baxmayaraq, Azərbaycanın bu münaqişənin həllində öz prinsipial mövqeyindən geri çəkilməyəcəyini və torpaqlarını işğaldan azad edəcəyini bildirib. Qeyd olunub ki, Azərbaycan heç bir dövlətin ərazisinə göz dikməyib və öz ərazisində də ikinci dövlətin yaradılmasına, torpaqlarının işğal altında qalmasına yol verməyəcək.

Adil Muheydər Razi Əl-Maliki Azərbaycanda onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qonaq ölkəmizdə dinamik inkişafın şahidi olduqlarını vurğulayıb və İraqın Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafında maraqlı olduğunu bildirib. Qeyd edib ki, münasibətlərin daha da genişlənməsində parlamentlərin, xüsusən də dostluq qruplarının rolu böyükdür.

 Sonra görüşdə ölkələrimiz arasındakı münasibətlərin inkişaf perspektivləri müzakirə olunmuş, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi vurğulanıb.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama