Milət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva noyabrın 27-dən dekabrın 1-dək İraqda səfərdə olacaq. O, Bağdad şəhərində keçiriləcək “İraqın demokratik seçimi. Gələcəyə baxış” adlı beynəlxalq konfransda iştirak edəcək. Tədbirdə İraqın mövcud durumu, ölkənin demokratiya yolundakı əngəlləri və siyasi problemləri müzakirə ediləcək. Qənirə Paşayeva İraqın rəsmi səxsləri ilə görüşəcək və bir necə şəhərini ziyarət edərək orada müzakirələr aparacaq.
Sonra isə deputat dekabrın 2-dən 5-dək Türkiyəyə səfər edəcək. Burada o, Ərzurumda “Müstəqilliyimizin 20-ci ilində Azərbaycan-Türkiyə əlaqələri” mövzusunda keçiriləcək konfransda iştirak və çıxış edəcək. Tədbir çərçıvəsində Qənirə Paşayevanın həmmüəllifi olduğu “Ermənilərin törətdikləri soyqırımın qurbanı – Bağanıs Ayrım” və “Xocalı soyqırımı şahidlərin dili ilə” kitablarının türkcə nəşrlərinin təqdimat mərasimi keçiriləcək. Deputatımız tədbir iştirakçılarına Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti barədə ətraflı məlumat verəcək. Qənirə Paşayevanın Ərzurumda bölgənin rəsmi şəxsləri ilə görüşləri də nəzərdə tutulub.
Millət vəkili Ərzurumdan sonra Kocaeli şəhərində də olacaq, burada Azərbaycan-Türkiyə münasibətlərinə dair konfransda iştirak və çıxış edəcək.
Modern.az