Bu gun Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi və cari məsələlər müzakirə olunub.
İdarə Heyətinin iclasında müzakirəyə çıxarılan ilk məsələ İranın «Səhər» kanalının Azərbaycan əleyhinə apardığı təbliğat və bu telekanalın efirindən ölkəmizin təhdid olunmasıyla bağlı olub.
Bununla bağlı qəbul olunan açıqlamada deyilir: «İranda peyk antennalarından istifadənin qadağan olunmasına baxmayaraq, «Səhər» telekanalının yalnız peyklə və Azərbaycan türkcəsində yayımlanması bu kanalın yalnız Azərbaycan Respublikasının vətəndaşları arasında təxribat törətmək, cahil insanları terrora sövq etmək məqsədinə xidmət etdiyinə əyani sübutdur.
26 noyabr 2011-ci il tarixdə bu telekanal vasitəsilə «Eurovision» mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsinin əli silahlı İran mollaları tərəfindən islama qarşı fəaliyyət kimi qiymətləndirilməsi və buna görə Azərbaycan Respublikası Prezidentinin hədəf seçilməsi qətiyyətlə pislənilməlidir.
Bir milyondan artıq müsəlmanı ev-eşiyindən didərgin salan, uşaqlara, qadınlara, qocalara aman verməyən, məscidlərimizi donuz damına çevirən donuzdan da murdar erməni cəlladları ilə ağız-ağıza öpüşən, onlara hərbi-siyasi, iqtisadi dəstək verən bəzi İran mollalarının və rəsmilərinin islam təəssübkeşi kimi çıxış etməsi, əsrlər boyu öz dininə sahib çıxmış Azərbaycan türklərinə dini məsləhətlər vermələri etikadan kənar olmaqla ikrah hissi doğurur.
BAXCP hesab edir ki, bu kimi hədələr ciddi qəbul olunmalı, Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyi gücləndirilməklə yanaşı, onun regionlara səfəri və ictimaiyyətlə görüşləri məhdudlaşdırılmalıdır. Məsələyə rəsmi aydınlıq gətirilməsi üçün İrana nota verilməli, BMT Təhlükəsizlik Şurasına müraciət olunmalıdır. Rafiq Tağının ölümünə fətva vermiş mollaların Benyəlxalq Cinayət Məhkəməsinə verilməsi üçün təcili addımlar atılmalıdır.
Ölkədə terror ehtimalının böyüklüyünü nəzərə alaraq, Bakı şəhərində «Eurovision» mahnı müsabiqəsinədək maksimum təhlükəsizliyi tam təmin edəcək qədər milyonlarla təhlükəsizlik kameraları quraşdırılmalı, xarici ölkələrdən terrora qarşı effektli mübarizəni təşkil etmək üçün kömək istənilməlidir. Yaranmış vəziyyətdən İranın dostu və qardaşı, terroru dəstəkləyən Ermənistanın da istifadə edəcəyi heç kimdə şübhə doğurmamalıdır».
Modern.az