Modern.az

Sabir Rüstəmxanlının partiyası qiymət artımı ilə bağlı bəyanat verdi

Sabir Rüstəmxanlının partiyası qiymət artımı ilə bağlı bəyanat verdi

28 Noyabr 2011, 16:46

Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurası Tarif Şurasının son qiymət artımı ilə bağlı bəyanat verib. Modern.az-ın məlumatına görə, bəyanatda deyilir:

«Bu gün Tarif Şurasının növbəti iclasında qiymət artımı ilə bağlı bəzi müraciətlərin müsbət həll edilməsi heç də Azərbaycan əhalisinin sosial reallıqlarına adekvat deyil. Əməkhaqqlarında heç bir artım olmadığı halda məişət tullantılarının daşınması, o cümlədən isti su təchizatı qiymətlərinin qaldırılması əhalinin onsuz da çətin olan sosial güzaranının bir qədər də çətinləşdirməyə xidmət edir.

Xüsusən, daha çox tələbə və təqaüdçülərin istifadə etdiyi Bakı Metropolitenində sərnişindaşıma qiymətlərinin 20 qəpiyə qaldırılması da iqtisadi baxımdan əsaslandırılmayıb. Metro tikintisi və yeni avadanlıqların alınması heç də Metropolitenin gəlirləri hesabına həyata keçirilmir, bundan ötrü dövlət büdcəsindən vəsait ayrılır. Həmçinin Bakı Metropoliteninin ziyanla işləməsi nəzərə alınaraq, bu quruma büdcədən hər il dotasiyalar verilir. Bu baxımdan, 2012-ci ilin dövlət büdcəsi, gəlirləri və xərcləri təsdiqləndikdən sonra Bakı Metropolitenində sərnişin daşımalarının qiymətinin qaldırılmasının səbəbi izah olunmalıdır.

Dövlətin qiymət tənzimləməsi təkcə iqtisadi deyil, həm də siyasi amillərə dayanmalı, dünyada gedən proseslər nəzərə alınmalı və əhalinin iqtisadi-siyasi maraqları gözlənilməlidir. Bütün dünyada sosial gərginliklərin fəsadlarının yaşandığı indiki dönəmdə Tarif Şurasının xalq arasında narazılıq yarada biləcək qiymət artımı siyasəti ölkəninin və xalqın taleyini təhdid etməkdən başqa bir şey deyil.

Vətəndaş Həmrəyliyi Partiyası olaraq ölkə rəhbərliyini bu qiymət tənzimləməsinə dərhal reaksiya verməyə çağırırıq».

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama