"Azərbaycan torpaqları işğaldan azad edilməyənədək təcavüzkar tərəflə təmasları rədd edirik"
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev MDB Dinlərarası Şurasının İrəvanda keçirilən konfransında erməni katalikosu II Qaregin, bütün Qafqazın şeyxi Allahşükür Paşazadə və Rusiyanın patriarxı Kiril arasında imzalanmış bəyannaməyə münasibətini açıqlayıb. Qüdrət Həsənquliyev BAXCP-nin mətbuat xidmətinə açıqlamasında bildirib ki, rəhbərlik etdiyi partiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün aparılan danışıqlar istisna olunmaqla, işğalçı ölkənin dövlət və qeyri-dövlət qurulmları ilə olan hər cür təmasın əleyhinədir:
"BAXCP hər zaman Azərbaycanın rəsmi dairələrini təmsil edən şəxslərin, o cümlədən qeyri-hökümət təşkilatları təmsilçilərinin, kütləvi informasiya vasitələri nümayəndələrinin işğalçı ölkənin paytaxtına və təcavüzkar ölkənin ərazisindən keçməklə işğal altında olan Azərbaycan ərazilərinə səfər etmələrini qətiyyətlə pisləyib. Biz Azərbaycan torpaqları işğaldan azad edilməyənədək təcavüzkar tərəflə bu qəbildən olan təmasları rədd edirik. Hesab edirik ki, belə əlaqələr Azərbaycanın milli və dövlət maraqlarına xidmət etmir".
BAXCP sədrinin qənaətinə görə, işğala son qoyulmadan ayrı-ayrı sahələr və istiqamətlər üzrə Azərbaycanla əlaqələrin qurulması məhz Ermənistanın istəyindən və maraqlarından irəli gəlir: "Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanın və təcavüzkarı himayə edən güclərin başlıca məqsədləri xalqımızı işğal faktı ilə barışdırmaqdan ibarətdir. Snayperlərin cəbhə xəttindən geri çəkilməsilə bağlı məsələ də Ermənistanın istəyidir. Ermənistan bu məsələni mütəmadi olaraq müxtəlif səviyyələrdə qaldırır. Çünki erməni gəncləri cəbhə xəttində xidmət keçmək istəmirlər. Bu səbəbdən də orduda fərarilik artır və təbii ki, Ermənistan cəmiyyətində narazılıqlar güclənir. Snayperlərin geri çəkilməsi isə müharibə ehtimalının tamamilə heçə endirilməsidir. Bu isə o deməkdir ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarını rahatlıqla əkib-becərəcək və heç bir təhlükə hiss etmədən öz doğma evlərində yaşayıblarmış kimi qəsb etdikləri torpaqlarda yaşayacaqlar".
BAXCP sədrinin sözlərinə görə, din xadimlərinin görüşündə imzalanmış bəyannaməyə snayperlərin geri çəkilməsilə bağlı müddəanın əvəzinə Azərbaycan torpaqlarının işğaldan azad olunmasının vacibliyini əks etdirən müddəa salınmalıydı: "Bir daha bəyan edirəm ki, rəsmi sülh danışıqları istisna olmaqla, Ermənistanın ayrı-ayrı dövlət və qeyri-dövlət qurumlarıyla olan təmasları qətiyyətlə pisləyir və rədd edirik. Düşünürəm ki, bütün Azərbaycan vətəndaşları fəaliyyət istiqamətlərindən və həyata keçirdikləri missiyanın mahiyyətindən asılı olmayaraq belə əlaqələrdən çəkinməli, təcavüzkar ölkənin strateji hədəflərinə xidmət edən hərəkətlərə yol verməməlidirlər. Hesab edirəm ki, Azərbaycan Ermənistanla münasibətlərdə münaqişənin ilk dövrlərindəki siyasətinə qayıtmalıdır".
Modern.az