Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərərək əlil olmuş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, hər il bu təbəqələrdən olan insanlar üçün 700-dən artıq mənzil inşa etdirilir. Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd edilib ki, 2011-ci ilin ötən dövründə də müxtəlif bölgələrdə yeni çoxmənzilli və fərdi yaşayış binaları istifadəyə verilib və indiyədək 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub.
Bu istiqamətdə tədbirlərin davamı olaraq, 29 noyabr 2011-ci il tarixdə Ağcabədi və Yevlax rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli olan müasir tələblərə uyğun iki yaşayış binası əlil və şəhid ailələrinə təqdim olunacaq.
Cari ilin sonunadək Quba, Göygöl, Samux rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli və müxtəlif bölgələrdə 10 ədəd fərdi ev bu təbəqələrdən olan insanların istifadəsinə veriləcək. Həmçinin yaxın günlərdə Şəki və Şəmkir rayonlarında hər biri 36 mənzilli, Bakının Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binalarının tikintisinə başlanacaq. 2012-ci ildə isə Suraxanı, Sabunçu rayonlarında və Gəncə şəhərində hər biri 9 mərtəbəli 81 mənzilli, Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli yaşayış binalarının inşası başa çatacaq.
“Qeyd edək ki, 17 noyabr 2011-ci il tarixdə Qəbələ rayonunda əlil və şəhid ailələrinə 36 mənzilli yaşayış binasının və 100 minik avtomobilinin təqdim olunması mərasimində iştirak edən Prezident cənab İlham Əliyev bir daha bildirmişdir ki, növbəti bir neçə ildə növbədə olan bütün əlil və şəhid ailələri gözəl mənzillərlə təmin ediləcəklər.
Əlillərin dövlət hesabına avtomaşınlarla təminatı işləri cari ildə də uğurla davam etdirilir və bu il ərzində yerli istehsal olan, keyfiyyəti və müasir dizaynı ilə seçilən 304 ədəd LİFAN markalı minik avtomobilinin müharibə əlillərinə verilməsi nəzərdə tutulmuşdur. Ümumiyyətlə, bu vaxtadək 3244 minik avtomobili Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə təqdim edilmiuşdir. Eyni zamanda 7500-ə yaxın əlil arabası ehtiyacı olan əlillərə verilmişdir”-deyə nazirlikdən bildirilib.
Modern.az