Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən 2011-ci ilin keçən dövrü ərzində neft sənayesində ekoloji normalara riayət olunması ilə bağlı monitorinq aparılıb.
Həmin monitorinqin nəticələrinə görə, neft şirkətlərinə ətraf mühitə dəymiş ziyanla bağlı akt tərtib olunub və müəyyən məbləğdə ödəmələr tətbiq olunub.
Təbiətə ziyan vuran qurumlar arasında “Qarasu” Əməliyyat Şirkətinin də adı var.
“Qarasu” Əməliyyat Şirkətindən Modern.az saytına verilən məlumata görə onlar nazirliyin əməkdaşlarının atmosfer havasına və ətraf əraziyə atılan zərərli maddələrə görə nazirliyin iddiasını, təyin etdikləri 7500 manatı ödəyəcəklər: “Nazirlər Kabinetinin 122 saylı qərarına əsasən müəssisələr fəaliyyəti dövründə atmosfer havasına, ətraf mühitə tullantı axıdırsa, buna görə təyin olan ödəməni veir. “Qarasu” Əməliyyat Şirkəti nəzərdə tutulan ödəməni ərazi ekologiya və təbii sərvətlər şöbəsinin ətraf mühitin mühafizəsi fonduna köçürəcək”.
O da qeyd edilib ki, bu məsələ ilə bağlı “Qarasu” Əməliyyat Şirkəti fəaliyyətə başladığı ildən problem olmayıb: “Neft sənayesində fəaliyyət göstərən şirkətlərdə istər-istməz bu tullantılar axıdılır. Bu da müəyyən olunmuş hədd çərçivəsində mümkündür. Düzdür, müəssisələrin ətraf mühitə atdığı tullantıların axıdılması azaldılmalıdır, mümkün olmadıqda isə şirkət qeyd edilən ödəməni köçürür”.
Son olaraq müəssisədən onu da bildiriblər ki, “Qarasu” Əməliyyat Şirkətində tullantı sularının axıdılması bu il ərzində baş verməyib və “Qarasu” Əməliyyat Şirkətində son illərdə hasilat artımın müşahidə edilməyib.
Aytən ƏLİYEVA