BDU-nun rektoru, akademik Abel Məhərrəmov Rusiyanın təhsil və elm sahəsinin təməlini qoyan, Moskva Dövlət Universitetinin təsisçisi M.V.Lomonosovun 300 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək məqsədilə Moskvada səfərdə olub. Bu barədə Modern.az saytına universitetin mətbuat xibmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib. Onun sözlərinə görə, A.Məhərrəmov eyni zamanda, M.V.Lomonosovun yubileyi çərçivəsində Moskvada keçirilən Avrasiya Universitetləri Assosiasiyanın XII qurultayında da iştirak edib.
Qurultayın plenar toplantısında çıxış edən akademik Abel Məhərrəmov Avrasiya Universitetləri Assosiasiyası çərçivəsində aparılan fəaliyyətin üzv dövlətlər arasında elm və təhsil sahələrində əməkdaşlığın genişlənməsinə təkan verdiyini deyib.
Qurultayda cari məsələlərlə yanaşı, Avrasiya Universitetləri Assosiasiyasının yeni prezidentinin seçilməsi məsələsi də müzakirə edilib. Məsələ ilə bağlı çıxış edən A.Məhərrəmov bildirib ki, Assosiasiyanın üzvləri arasında əlaqələrin hazırkı yüksək səviyyəsi Moskva Dövlət Universitetinin rektoru, qurumun prezidenti akademik Viktor Sadovniçinin adı ilə bağlıdır. O, bütün varlığı ilə Avrasiya məkanında yerləşən universitetlər arasındakı əlaqələri genişləndirməyə və gücləndirməyə, onların beynəlxalq arenada layiqincə təmsil olunmasına səy göstərib. Sonra akademik Viktor Sadovniçinin namizədliyi irəli sürülüb və o, yekdilliklə Avrasiya Universitetləri Assosiasiyasına növbəti müddətə yenidən prezident seçilib.
M.V.Lomonosovun 300 illik yubileyi çərçivəsində BDU-nun rektoru, akademik Abel Məhərrəmov Avrasiya Əməkdaşlığının inkişafı və möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Avrasiya Universitetləri Assosiasiyanın prezidenti, akademik V.A.Sadovniçi tərəfindən Fəxri Fərmanla təltif olunub.
Modern.az