Modern.az

Dağlıq Qarabağın erməni icması azərbaycanlı icma ilə görüşdən imtina edib

Dağlıq Qarabağın erməni icması azərbaycanlı icma ilə görüşdən imtina edib

29 Noyabr 2011, 22:36

Noyabrın 28-də Berlində “Dialoq Forum - Dağlıq Qarabağ. Dağlıq Qarabağdan olan azərbaycanlıların və ermənilərin görüşü” adlı tədbir keçirilib. Tədbir Azad Berlin Universitetinin Xəzər Araşdırmaları Mərkəzi, “Avroqafqaz” cəmiyyəti, Alman-Azərbaycan Forumu və Alamaniyanın Şərq ölkələri üzrə tanınmış mütəxəssisi, professor Udo Ştaynbaxın təşkilatçılığı ilə keçirilib.
Modern.az AzərTAc-a istinadən bildirir ki, yüzdən artıq ekspert, jurnalist və elmi dairələrin təmsilçilərinin qatıldığı tədbirdə Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri, Milli Məclisin deputatı Rövşən Rzayev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Effektiv Təşəbbüslər Mərkəzinin əməkdaşı Anar Usubov, Şuşa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov, politoloq Rasim Musabəyov, eləcə də Ermənistandan olan nümayəndələr, Almaniyanın dövlət və elm adamları iştirak ediblər.

Tədbirə dəvət olunan Dağlıq Qarabağın erməni nümayəndələri dialoqda iştirak üçün razılıq versələr də, son anda stoplantıya qatılmaqdan imtina ediblər. Buna baxmayaraq tədbirbaş tutub, Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələrinin çıxışları maraqla qarşılanıb.

İcmanın üzvləri tədbir iştirakçılarına Dağlıq Qarabağın azərbaycanlı əhalisinin münaqişənin sülh yolu ilə həllindən sonra Azərbaycanın tərkibində erməni əhalisi ilə birgə yaşamağa hazır olduğunu bildiriblər. Qeyd olunub ki, münaqişənin nizamlanmasının uzadılması hər iki tərəf üçün yaxşı heç nə vəd etmir. Əksinə, arzuolunmaz nəticələrə səbəb olacaq. İcma üzvləri, həmçinin tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

Tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov da iştirak edib. Ermənistanın Almaniyadakı səfiri isə iştirakdan imtina edib.

Təşkilatçılar Dağlıq Qarabağın azərbaycanlı icmasının dialoqda iştirakını müsbət qiymətləndiriblər. Erməni tərəfinin dialoqda iştirak etməkdən imtinasından isə təəssüfləndiklərini bildiriblər. Onlar bu cür tədbirlərin bundan sonra da keçirilməsinin vacibliyini vurğulayaraq, gələcəkdə Dağlıq Qarabağın erməni icmasının da iştirakına nail olacaqlarına ümid etdiklərini bildiriblər.


Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama