Modern.az

Azərbaycan deputatları İraq Türkmən Cəbhəsinin lideri ilə görüşüblər (FOTO)

Azərbaycan deputatları İraq Türkmən Cəbhəsinin lideri ilə görüşüblər (FOTO)

1 Dekabr 2011, 15:12

İraqda səfərdə olan İraq-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun  üzvü,  millət vəkili Qənirə Paşayeva İraq Türkmən Cəbhəsinin lideri, millət vəkili Ərşad Salihi ilə görüşüb. 
Millət vəkili həmçinin İraq Türkmən Cəbhəsinin yeni istifadəyə verilən binasını da ziyarət edib və təşkilat rəsmiləri ilə görüşüb. Görüşdə Azərbaycandan olan digər deputat Etibar Hüseynov, yazar Şəmsəddin Kuzəçi də iştirak edib. Görüş zamanı İraqdakı vəziyyət, bu ölkədə yaşayan türkmənların vəziyyəti,  Azərbaycanla İraq  arasında bütün istiqamətlərdə münasibətlərin inkişafı istiqamətində mövcud olan potensial barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanı qardaş ölkə adlandıran Ərşad Salihi  parlamentlərarası, hökumətlərarası münasibətlərin inkişafı ilə yanaşı, Azərbaycan türkləri ilə İraq türkləri arasında əməkdaşlığın artmasının vacibliyini də vurgulayıb. Qənirə Paşayeva da Azərbaycanın İraqla əməkdaşlığın inkişafına önəm verdiyini, parlamentlərarası münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayaraq dekabrın ortalarında İraq-Azərbaycan Parlamentlərarası dostluq qrupu üzvlərinin Bakıya səfərinin də  bu istiqamətdə münasibətlərə öz müsbət töhfəsini verəcəyini vurğulayıb. 
İraq  Türkmən Cəbhəsinin sözcüsü, Kərkük İl Məclis üzvü Əli Mehdiyə qarşı sui-qəsd, onun evinin önündə yerləşdirilən bombaların partladılması nəticəsində 1 nəfərin həlak olması, 15  nəfərin yaralanmasından azərbaycanlıların da üzüldüyünü deyən Qənirə Paşayeva  ƏIi Mehdinin bu sui-qəsdən salamat  qurtula bilməsindən sevindiklərini bildirib.

İraqda yaşayan türkmənlərin son on illər ərsində ədalətsizliklər, ağır  problemlərlə üzləşdiyini vurğulayan Qənirə Paşayeva İraqda yaşayan türkmənlərin layiq olduqları haqları əldə edə biləcəklərinə ümid etdiyini bildirib.

Qənirə Paşayeva görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımları, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinin yerinə yetirilməməsi barədə məlumat verib.

Qənirə Paşayeva  Ərşad Salihiyə  Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə dair materiallar,  kitablar və sənədli filmlər də təqdim edib və onu Azərbaycana dəvət edib.

 Azərbaycan torpaqlarının 20 faizinin hələ də Ermənistanın işğalı altında olması, azərbaycanlı qaçqın və məcburu köçkünlərin öz evlərinə dönə bilməməsinin onları da ciddi narahat etdiyini deyən İraq Türkmən Cəbhəsinin lideri, millət vəkili Ərşad Salihi Azərbaycan həqiqətlərinin yayılması istiqamətində öz səylərini bundan sonra daha da artıracaqlarını vurğulayıbdır. O, məmnuniyyətlə Azərbaycana səfər edəcəyini söyləyib. Sonra İraq Türkmən Cəbhəsinin ofisində Türkman Eli televiziyasına geniş müsahibə və açıqlamalar verilib, suallar cavablandırılıb.  



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama