Yeni dərs ilinin başlamasından 3 ay keçməsinə baxmayaraq, Bakının 3 nömrəli Texniki Peşə Məktəbində oxuyan şagirdlər hələ də təqaüd kartlarını ala bilməyiblər. Məktəb şagirdlərindən birinin Modern.az saytına verdiyi məlumata görə, təqaüdlərinin verilməsi müxtəlif bəhanələrlə gecikdirilir.
Şagirdin sözlərinə görə, məktəb rəhbərliyi kartların noyabr ayının əvvəlində veriləcəyini desə də, vəd olunan vaxt artıq geridə qalıb.
“Məktəb rəhbərliyi kartlardan söz düşəndə hər dəfə müxtəlif bahanələr deyir. “Məktəbin banka borcu olduğu üçün verilmir, banka müraciət etmişik, ancaq onlar bizimlə işləmək istəmədiyini deyiblər, ona görə məcbur qalıb başqa banka yazmışıq. Yaxın vaxtlarda cavab verəcəklər”. Bunlar bizə deyilən sözlərdir”.
Modern.az saytı məsələ ilə əlaqədar Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədovla əlaqə saxlayıb. N.Məmmədov saytımıza deyib ki, problem şagirdlərin bir qisminin şəxsiyyət vəsiqəsinin olmaması ilə bağlıdır.
“Məsələ yaxın vaxtlarda öz həllini tapacaq. Təqaüdlərin verilməməsi halı ola bilməz”.
3 saylı Peşə Məktəbi ilə əlaqə saxlayaraq məsələyə münasibət öyrənməyə çalışdıq. Məktəbin direktoru bildirdi ki, ikinci kursda oxuyan şagirdlərə təqaüd kartları verilib. Birinci kursda oxuyan şagirdlərə isə kartları gələn həftədən verəcəklər.
Sədaqət SÜLEYMANOVA