İraqda səfərdə olan Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Bağdad şəhərində keçirlən “İraqın demokratik seçimi. Gələcəyə baxış” adlı beynəlxalq konfrans çərçivəsində DAVA partiyasının sədri, Birləşmiş İraq İttifaqı Koalisiyasının liderlerindən olan, millət vəkili, İraqın sabiq baş naziri İbrahim El Caferi və İraq parlamentinin bir qrup millət vəkilləri ilə görüşüb.
Görüş zamanı Azərbaycanla İraq arasında bütün istiqamətlərdə münasibətlərin inkişafı istiqamətində mövcud olan potensial barədə fikir mübadiləsi aparılıb. İbrahim El Caferi və İraq parlamentinin üzvləri görüş zamanı Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduqlarını deyiblər. Onlar parlamentlərarası və hökumətlərarası münasibətlərin inkişafının, əməkdaşlığın genişlənməsinin vacibliyinə toxunub və bu istiqamətdə fikir mübadiləsi aparılıb.
Qənirə Paşayeva da Azərbaycanın İraqla münasibətlərin inkişafına önəm verdiyini, bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını deyib.
Q.Paşayeva görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilməməsi və bu istiqamətdə son vəziyyət barədə məlumat verib. İraqın bundan sonra da Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəyinə inandığını deyən millət vəkili Qənirə Paşayeva onlara Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə dair materiallar, kitablar və sənədli filmlər də təqdim edib və onları Azərbaycanda görməkdən məmun olacaqlarını deyib.
Modern.az