Bu gün İranın Amerikanı, İngiltərəni yamanlaması nəyə dayanır? Məgər İranı İran eləyən, orada türk hakimiyyətinə son qoyan Amerika-İngilis birliyinin yürütdüyü siyasət deyildimi?! Bəllidir ki, İran İslam İnqilabı başlayana qədər Xomeyni Avropada idi. O orada hazırlaşdırılıb göndərildi. Əslində son iki yüz ilin hadisələri ciddi təhlil edilsə, bəlli olar ki, Şərqdə baş verən bütün hadisələrin hazırlığı Avropada həyata keçirilmişdir.
Qərbi Avropanın İranda İslamı hakimiyyətə gətirməsinin özəl səbəbləri var idi. Belə ki, SSRİ qurulduğu gündən təsir dairəsini Qərbə doğru genişləndirməkdə davam edirdi. O dövrdə iqtisadi gəlişməsinin müəyyən bir xəttini İran nefti üzərində formalaşdıran ingilislər üçün İranda şah rejimi etimadı azaldırdı. SSRİ-nin ateizm ideologiyasına qarşı yeganə dirəniş göstərəcək ideologiya islamçılıq ola bilərdi. Qərb İranda SSRİ-yə uduzmamaq üçün İran İslam İnqilabını həyata keçirdi. Əslində Əfqanıstanda gedən proseslər də eyni xarakterdə idi. Yəni proseslər Qərblə SSRİ-nin mövqelərinin toqquşmasından yaranan qığılcımla alovlanırdı. Ərəb ölkələrində İslam təmayüllü diktatorların oturuşmasının arxasında da Qərb dayanırdı.
Nə qədər ki, SSRİ kimi nəhəng rəqib vardı, Qərb islami diktaturaların yaranıb inkişaf eləməsini təmin edirdi. Çünki SSRİ ərəb ölkələrinə də sosialist inqilabları ixrac edə bilərdi. Elə ki, Qərbin ideoloji dağıdıcılığı SSRİ-nin öz içinə də yeridi, bundan sonra Qərb ideoloji rəqibsiz qaldı. Ona görə də artıq Qərbə, daha çox özünə yarayan islami diktatorlar lazım olmadı. İndi Qərbə idarə olunan, ələbaxan “demokratik” ərəb dövlətləri lazımdır. “Demokratk” inqilabları öz diktaturası üçün həyata keçirir Qərb. Bu inqilabların məqsədi bölgələrdə Rusiyanın, Türkiyənin, Çinin təsirlərini heçə endirməkdir. Demokratiya – pulçuluğun yaşamasını təmin edən Qərbin ideolojisidir. “Demokratik” inqilab dünyanı tam Qərbləşdirmək (əslində eyniləşdirmək, öldürmək) üçün meydana gətirilib.
Bu gün artıq “İslam İranı” da Qərbə gərək deyil. Çünki Molla Hakimiyyəti özünü güclü və müstəqil hesab elədiyinə görə gəlirini, faydasını Qərblə paylaşmaq istəmir. Qərbin onu təhdid eləməsini (daxildə özünü gizləmək üçün) ədalətsizlik və özbaşınalıq kimi qiymətləndirir. Ancaq İranın öz içinə yönəlik davranışı daha böyük ədalətsizlik olduğuna görə Qərbin dağıdıcı mövqeyi İranın içində əzab çəkənlər üçün ədalətsizlik kimi deyil, ədalət kimi görünür. İranın vahimələnməsini öz amansızlığı yaradıb. O bilir ki, içində əzdiyi toplum ilə çölündəki “iştahlılar” birləşə bilərlər. İran öz içini şəriət qanunları ilə idarə edir, beynəlxalq aləmlə isə siyasi qanunlarla münasibət qurur. Şəriət qanunları daxildə toplumun azadlıqlarını elə səviyyədə məhdudlaşdırır ki, bu toplum Qərbin dağıdıcı gəlişinə xilas kimi baxır. “Hər nə olsa yenilik olacaq və indikindən yaxşı olacaq” məntiqi ilə düşünür İranda əzilən toplum.
Ümumiyyətlə, İran dövlətinin təməli xaricilərin istəklərinə uyğun qurulub. Ona görə də onun struktur dəyişikliklərini daim xaricilər təzələyəcəklər. İranda Qərb İranın deyil, özünün qurduğunu uçurmağa hazırlaşır...