Millət vəkli Hikmət Atayev redaksiyamıza müraciət edərək noyabrın 23-də Milli Məclıisdə büdcə müzakirələri zamanı çıxışının Modern.az saytında təhrif olunduğunu qeyd edib və çıxışını təqdim edib.
Biz deputatın həmin iclasdakı çıxışını təqdim edirik.
- Hörmətli deputatlar!
Möhtərəm qonaqlar!
Müzakirəmizə çıxarılan 2012-ci ilin dövlət büdcəsi layihəsi ilə əlaqəli deyəcək sözüm, verəcək təklifim var. Ancaq çıxış üçün vaxtın məhdudluğunu nəzərə alaraq mən təmsil etdiyim çoxmillətli Zaqatala rayonu üçün tərkibində azsaylı xalqların kompakt yaşadığı kəndlər olan digər rayonlar üçün spesifik və mənim fikrimcə, əhəmiyyətli olan problemi sizin diqqətinizə çatdırmaq istəyirəm.
Möhtərəm cənab Prezidentin və Heydər Əliyev Fondunun prezidenti, hörmətli həmkarımız Mehriban Əliyevanın fəaliyyəti nəticəsində respublikamızın hər yerində olduğu kimi, Zaqatala rayonunda da çox sayda yeni məktəb tikilib, köhnə məktəblər əsaslı təmir olunub və lazimi avadanlıqla təhciz olunaraq əhalinin istifadəsinə verilib. O işlərin əsas məqsədi müstəqil Azərbaycanımızın sabahı üçün, tariximizi, mədəniyyətimizi, dilimizi bilən savadlı, vətənpərvər vətəndaş yetişdirməkdir.
Çıxışımın əvvəlində qeyd etdim. Rayonumuz üçün spesifik problem ondan ibarətdir ki, azsyalı millətlərin kompakt yaşadığı bir sıra kəndlərdə uşaqların bir çoxu Azərbaycan dilini bilmirlər. Hətta birinci sinif proqramı Azərbaycan dilini bilənlərə hesablanıb. Aydın olur ki, uşaqların əksəriyyəti bu proqramı lazimi səviyyədə mənimsəyə bilmirlər. Eyni proses növbəti illərdə də təkrar olunur və nəticədə məktəbi bitirdikdən sonra uşaqlar nə Azərbaycan dilini lazimi səviyyədə bilirlər, nə də tədris olunan biliklərə yiyələnə bilirlər. Ən yaxşı halda onların dil biliyi ümumi məişət təlabatları ödəmək səviyyəsində olur. Nəticədə məktəbi bitirdikdən sonra Azərbaycan dilini bilmədiklərinə görə onlar respublikamızın digər yerlərində cəmiyyətə inteqrasiya etməkdə çətinlik çəkdiklərindən öz bölgələrində qalırlar və gələcəkdə öz yerliləri ilə ailə qururlar.
Yeni qurulan ailələrin hər iki üzvi Azərbaycan dilini kifayət qədər bilmədiyinə görə öz uşaqlarına da Azərbaycan dilini öyrədə bilmirlər. Qeyd etdiyim proses nəsildən-nəsilə təkrar olunur. Və əgər tədbirlər görülməsə, belə davam edəcək. Nəticədə özlərindən asılı olmayan səbəblərdən belə kəndlərdə yaşayan Azərbaycan vətəndaşları azərbaycançılıq məfkurəsindən kənarda qalmış olurlar. Bu qüsurlu dövranı qırmaq məqsədilə azsaylı xalqların kompakt yaşadığı kəndlərdə Azərbaycan dilini tədris edən, dövlət hesabına maliyyələşən, hazırlıqlı müəllimlərlə kompleksləşdirilən uşaq baxçalarının açılmasını zəruri hesab edirəm.
Mən əminəm ki, təhsil, ailə və uşaq problemləri sahəsində möhtərəm cənab Prezident və Azərbaycanın birinci xanımı tərəfindən aparılan siyasət nəticəsində yaxın gələcəkdə respublikamızda uşaq baxçaları problemi bütövlükdə həll ediləcək. Sadəcə bu prosesdə azsaylı millətlərin kompakt yaşadığı kəndlərin ilk plana çəkilməsini daha vacib hesab edirəm. 2012-ci il və növbəti illərin dövlət büdcəsi hazırlanarkən təklifimi nəzərə almağınızı xahiş edirəm. Çıxışımda qeyd etdiyim ki, rayonumuzun bir çox məktəbləri əsaslı təmir olunub, bir çox yeni məktəb tikilib əhalinin istifadəsinə verilib.
Eyni zamanda Zaqatalanın mərkəzində Heydər Əliyev prospektində yerləşən Zaqatalanın ən böyük məktəblərindən biri olan 2 saylı orta məktəb 1952-ci ildə tikildikdən bu günə qədər bir dəfə də olsun əsaslı təmir olunmayıb və təmirə ciddi ehtiyacı var. Bunu da nəzərə almağınızı sizdən xahiş edirəm.
Modern.az