Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi və Ankara Dövlət Opera və Balet Müdürlüyünün təşkilatçılığı ilə Türkiyə-Azərbaycan arasındakı diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü münasibətilə dekabrın 4-də Ankara Dövlət Rəsm və Heykəl Muzeyində “Azərbaycan gecəsi” təşkil olunub.
Səfirlikdən Modern.az-a verilən məlumata görə, tədbirdə Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar və bir neçə millət vəkili, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Türkiyənin yüksək rütbəli rəsmiləri, Azərbaycan diplomatları, elm adamları, iş adamları, diaspor nümayəndələri, çox sayda ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər.
Gecədə, Şenol Talınlının ifasında, Səid Rüstəmov, Emin Sabitoğlu, Fikrət Əmirov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Nüşabə Muradova, Cahangir Cahangirov, Üzeyir Hacıbəyov və Rauf Hacıyevin müxtəlif əsərlərinin təqdim olunması ilə yanaşı, Azərbaycan xalq mahnıları da səsləndirilib.
Konsertin sonunda səfir Faiq Bağırov Şenol Talınlı başda olmaqla musiqiçilərlə görüşüb və onlarla xatirə şəkili çəkdirib. Səfir, bir-birindən dəyərli Azərbaycan musiqi əsərlərini çox gözəl ifa etdiklərinə görə musiqiçilərə dərin minnətdarlığını bildirib.
Modern.az