Azercell-in Telefon Mərkəzi Avropa standartlarına cavab verən yeganə təsisatdır
Azercell ölkəmizdə ilk dəfə olaraq xidmət sahəsində nüfuzlu keyfiyyət sertifikatına layiq görülüb. Azərbaycanın lider mobil operatoru EN15838 Müştərilərlə Əlaqə Mərkəzi (Customer Contact Center) nişanını alan regionun ilk özəl şirkəti oldu.
Azercell-in Telefon Mərkəzi, hətta, aid olduğu TeliaSonera şirkətlər qrupu arasında da bu səviyyəyə çatan ilk qurumdur. EN15838 keyfiyyət sertifikatı müştərilərlə əlaqələrin yüksək səviyyəsinə zəmanət verən Avropa standartıdır. Bu norma Azad Ticarət Avropa Assosiasiyası (EFTA -European Free Trade Associations) üzvləri və Avropa məkanındakı 30 ölkə tərəfindən qəbul edilib.
EN15838 keyfiyyət sertifikatı müştəri məmnuniyyətini yüksəltmək, narazı abonentlərin sayını azaltmaq, telefon mərkəzləri əməkdaşlarının bacarıqlarını artırmağı nəzərdə tutur. Bu standartın tələblərinə görə, mərkəz işçiləri xüsusi təlimlər keçməli, müştərinin sualını qəbul edib düzgün istiqamətə yönləndirməli, onu gözlətməməli, qısa müddətdə probleminin həllinə yardımçı olmağı bacarmalıdırlar.
Müştəri məmnuniyyətinin yüksək səviyyədə olmasına həmişə önəm verən Azercell şirkəti bu istiqamətdə bir çox layihələr reallaşdırıb. Fakturalı və Fakturasız Xətt abonentləri üçün telefon müştəri xidmətlərinin sertifikatlaşdırılması prosesi 2010-cu ildən başlayıb. Bu müddət ərzində standartın tələblərinə cavab verən yenilikləri tətbiq etmək, həm müştərilərin sorğularını qəbul etmək, həm də, eyni vaxtda əməliyyatların aparılmasını təmin etmək üçün xeyli iş görülüb. Şirkətin attestasiyası ICCCI - Beynəlxalq Telefon Mərkəzlərinin Sertifikatlaşdırılması İnstitutu ilə Avstriya qurumu tərəfindən həyata keçirilib.
Azercell şirkəti Azərbaycanda müştərilərlə iş üzrə Avropa standartlarını tətbiq edən ilk milli kommersiya təşkilatıdır. Azercell, həmçinin, “Online” müştəri xidmətlərini tətbiq edən ilk telekommunikasiya şirkətidir. Bu yaxınlarda şirkət Facebook səhifəsində müştərilərə xidmət göstərməyə başlayıb. Sosial şəbəkələr vasitəsilə abonentlərin sorğu və təkliflərinin qəbulu ümumilikdə Avrasiya məkanında müştərilərə xidmət sahəsində unikal bir üsuldur.
Azercell müştərilərə telefonla xidmət sahəsində öz uğurlu təcrübəsini yaymaqla da məşğuldur. Belə ki, şirkətin təcrübəli mütəxəssisləri Call-Center işçiləri üçün daxili təlimlərlə yanaşı, digər kommersiya qurumları, hətta, Qaynar Xətt sistemi tətbiq edən dövlət təşkilatları əməkdaşları üçün də vaxtaşırı treninqlər təşkil edirlər.
Xatırladaq ki, Azercell Azərbaycanda ilk dəfə olaraq bu il İSO 10002:2004 Beynəlxalq Standartına (Keyfiyyətin idarə olunması-Müştəri məmnuniyyəti-Müəssisələrdə şikayətlərə baxılmasına dair təlimat) uyğunluq sertifikatını əldə edib.