Modern.az

Azərbaycan hökuməti Rafiq Əliyevə təzminat ödəyəcək

Azərbaycan hökuməti Rafiq Əliyevə təzminat ödəyəcək

7 Dekabr 2011, 15:02

Avropa Məhkəməsi keçmiş nazirin qardaşının şikayətini təmin edib

İnsan Haqları üzrə Avropa Məhkəməsi “Azpetrol” şirkətinin sabiq rəhbəri, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Rafiq Əliyevin şikayəti əsasında çıxardığı qərarı açıqlayıb.
Modern.az APA-ya istinadən bildirir ki, İnsan Haqları üzrə Avropa Konvensiyanın bir neçə maddəsinin pozulduğu qənaətinə gələn məhkəmə qərara alıb ki, Azərbaycan hökuməti Rafiq Əliyevə mənəvi ziyanın kompensasiyası qismində 7 min, xərclərə görə isə 25 min avro ödəməlidir.

İnsan Haqları üzrə Avropa Məhkəməsi R.Əliyevin Bakıdakı məhkəmə prosesindən öncə saxlanılma müddətinin pozuntularla müşayiət olunduğu, daha sonra isə onun apellyasiya vəsatətlərinə düzgün baxılmadığı rəyinə gəlib. Qərarda deyilir ki, bu, yekun hökm deyil və tərəflər üç ay ərzində şikayətlərini Məhkəmənin Böyük Palatasına təqdim edə bilərlər.

Xatırladaq ki, Əliyev 2005-ci ilin oktyabr ayında saxlanılıb. Rafiq Əliyev vergidən yayınma, mənimsəmə, yanacaq qaçaqmalçılığı və digər əməllərdə təqsirli bilinərək 2007-ci ilin oktyabrında 9 il müddətinə azadlıqdan məhrum edilib.

Şikayət ərizəsində Rafiq Əliyev iddia edib ki, onun saxlanılması, həbsi və mühakimə edilməsi dövlət çevrilişi cəhdində ittiham edilmiş qardaşı, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin tutulması ilə əlaqədardır.

Rafiq Əliyev iddia edib ki, saxlanılması və həbsi qanuna zidd olub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama