Milli Məclisin bu günkü iclası bir sıra maraqlı məqamla da yadda qalıb. Modern.az saytı xəbər verir ki, qanun layihələrinin müzakirəsi zamanı deputat Etibar Hüseynovun toponimlərin hansı əsaslarla dəyişdirildiyi barədə sualına cavab verən Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə çaşıb.
Etibar Hüseynovun sualı belə olub: “Milli Məclisdə rayonların, kəndlərin adları dəyişdirilir. Mənim üçün çox maraqlıdır, bu yer adları hansı əsaslarla dəyişdirilir?”
Onun sualına cavab verən komitə sədri Arif Rəhimzadə qeyd edib ki, “Toponimlər haqqında” Qanunda hər şey qeyd edilib.
“Əgər siz onu oxusanız, onda hər şey məlum olacaq. Ümumiyyətlə, elə yer adları var ki, orada yaşayan insanlar həmin yerin adını dəyişmək istəyirlər. Məsələn, Gədəbəy rayonunda bir Aşağı Ayıblı adlı kənd var. Bu kəndin camaatı bu adı bəyənmir”.
Bu anda I vitse-spiker Ziyafət Əsgərov komitə sədrinin sözünü kəsərək bildirib ki, “Arif müəllim, Aşağı Ayıblı Gədəbəyin yox, Tovuzun kəndidir”.
Müzakirələr zamanı millət vəkili Fəzail İbrahimli qeyd edib ki, bu adlar nə icra hakimiyəti, nə Milli Məclis, nə də Prezident Administrasiyasının təklifilə dəyişdirilir.
“Yer adlarının dəyişməsində sadəcə olaraq kənd camaatı bir yerə yığışıb iclas keçirir, iclas zamanı səsvermə aparılır, çoxluq nəzərə alınır və yeni ad dəyişikliyi rayon İcra Hakimiyyətinə göndərilir. İcra Hakimiyyəti də bunu Milli Məclisə göndərir. Milli Məclis də həmin yerin adının dəyişilməsi məsələsinə baxır”.
Modern.az