Modern.az

Dövlət Neft Şirkəti işə qəbul olmaq istəyən 131 nəfərdən imtahan götürüb

Dövlət Neft Şirkəti işə qəbul olmaq istəyən 131 nəfərdən imtahan götürüb

16 Dekabr 2011, 10:42

ARDNŞ-nin İnsan resursları Departamenti tərəfindən dekabrın 15-də Şirkətin müxtəlif idarə və müəssisələri üçün işə qəbul üzrə test imtahanı keçirilib.
ARDNŞ-nin mətbuat xidmətindən verilən məlumata görə, Təhlükəsizlik İdarəsinin “mexanik”, “texnik”, “dispetçer” və “tərəziçi”, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin “hesablama maşınlarının təmiri və xidməti üzrə elektromexanik”, Kompleks Qazma İşləri Trestinin “kadrlar üzrə mütəxəssis” və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun “əmtəə operatoru” ixtisasları üzrə vakansiya elan olunmuş iş yerləri üçün müsabiqənin test imtahanı mərhələsi keçirilib.
Vakansiyalar üzrə müsabiqədə iştirak etmək üçün vətəndaşlar ARDNŞ-nin www.socar.az veb-səhifəsinin karyera bölməsi vasitəsi ilə elektron müraciət formasını doldurublar. Sənədlərin ilkin seçimi aparıldıqdan sonra qeyd olunan vakansiyalar üzrə müraciət etmiş 347 nəfərdən 131 nəfəri növbəti mərhələdə test imtahanlarında iştirak etmək hüququ qazanıb. Testlərə 30 sual daxil edilib. Bunlardan 25 sual namizədlərin məntiqi bilik səviyyəsinin yoxlanılmasına, 5-i isə Azərbaycan Respublikası barədə və ARDNŞ-nin fəaliyyət sahəsinə dair ümumi biliklərin müəyyən edilməsinə aid olub. İmtahandan əvvəl namizədlərə nəzarətçilər tərəfindən imtahanın müddəti və nizam-intizam qaydaları haqqında giriş təlimatı verilib.

ARDNŞ-də tətbiq edilən yeni işə qəbul proqramı çərçivəsində həyata keçirilən müsabiqələrdə indiyədək iştirak edənlərin ümumi sayı 9810 nəfərdir. Bunlardan 1107 nəfəri test imtahanı mərhələsində iştirak edib, 311 nəfər isə ümumilikdə müsabiqədə yüksək nəticələr göstərərək ixtisas və peşələrinə uyğun olaraq ARDNŞ-nin müəssisə və təşkilatlarında işlə təmin olunublar.

Xatırladaq ki, ARDNŞ-də işə qəbul olunmaq istəyən şəxslər Şirkətin www.socar.az korporativ veb-səhifəsinin “Karyera” bölümünün (careers.socar.az) “İş axtarışı” panelinə daxil olmalı, bilik və bacarığına uyğun vakansiyanı seçərək vahid elektron müraciət formasını doldurmalıdırlar. Müraciət edən namizədlər vakansiyanın tələblərinə cavab verdikdə test imtahanı və ya peşə sınaq imtahanlarına dəvət olunurlar.

Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi