Eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyası uzun fasilədən sonra toparlanmağa, təşkilati işlərini davam etdirməyə başlayıb. Partiyadan verilən məlumata görə, dekbrın 18-də məclis üzvləri, təşkilat sədrləri və fəalların iştirakı ilə partiyanın konfransı keçiriləcək.
Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında saat 12-də başlayacaq konfransda əsas müzakirə mövzusu partiyanın lideri Rəsul Quliyevin elan etdiyi Müqavimət Hərəkatının yaradılması olacaq. Bununla bağlı partiya üzvlərinin, fəalların fikirləri dinləniləcək, müvafiq qərarlar veriləcək.
Partiyadan onu da bildiriblər ki, konfransda müxalifət daxili inteqrasiya, xüsusən də ACP-İctimai Palata münasibətləri barədə müzakirələrin aparılması da gözlənilir.
Qeyd edək ki, ACP lideri Rəsul Quliyev bir neçə gün əvvəl xalqa müraciət edərək hakimiyyətə qarşı müqavimət hərəkatı yaratmaq niyyətini elan edib. İki gün əvvəl isə Azərbaycandakı saytlardan birinə müsahibəsində 2013-cü ilin prezident seçkilərində iştirak etmək və bu seçkilərin qalibi olmaq əzmini bəyan edib. Bununla R.Quliyev müxalifət cəbhəsindən prezident seçkilərində iştirak edəcəyini qətiyyətlə açıqlayan ilksiyasi lider olub.
Bu baxımdan, Açıq Cəmiyyət Partiyasının fəallaşması da təbiidir və sabahkı konfrans faktiki olaraq Rəsul Quliyevin seçki kampaniyasının başlanğıcı kimi qiymətləndiriliməlidir.
Modern.az