Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Piter Beytman İctimai Televiziya və Radio Yayımları Şirkətində olub. Tanışlıq xarakteri daşıyan görüşdə qonağa teleradionun yaranması, texniki və yaradıcı potensialı, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verilib. İctimai Teleradionun baş direktoru İsmayıl Ömərov bildirib ki, 24 saat fasiləsiz yayımlanan televiziya milli kanal kimi reytinq axtarışından uzaq, informasiya və maarifləndirməni ana xətt kimi qəbul etməklə, cəmiyyətdə birlik və harmoniya yaratmağı qarşıya məqsəd qoyub. 6 il öncə fəaliyyətə başlayarkən Böyük Britaniyanın BBC korporasiyasının təcrübəsindən də faydalanılıb və bu, şirkətin işinin qurulmasında əhəmiyyətli rol oynayıb. Bununla yanaşı, British Council ilə “A-dan Z-yə” adlı birgə layihə hazırlanır və bu, gənclərin ingilis dilini mənimsəməsinə yaxşı töfhədir. Hazırda İctimai Televiziya Avropa Yayımları Birliyinin Azərbaycandan olan yeganə üzvü və “Eurovision” Mahnı Müsabiqəsinin ölkə üzrə təşkilatçı-yayımçısıdır.
Azərbaycanın 2008-ci ildə “Eurovision” Mahnı Müsabiqəsində iştirak etdiyini deyən İ.Ömərov ölkəmizin 4 il ərzində bu layihədə uğurla çıxış etdiyini və 2011-ci ildə Düsseldorf yarışmasında qələbə qazandığını bildirib. Azərbaycanın “Eurovision” Mahnı Müsabiqəsində iştirakının ilk günündən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu layihəyə böyük dəstək verdiyini deyən baş direktor 2012-ci ildə Bakıda təşkil olunacaq müsabiqəyə hazıqlırların uğurla davam etdiyini diqqətə çatdırıb.
Bundan başqa, İctimai Televiziya Kann kino festivalı, Vyana Filarmoniya Orkestrinin konsertləri, 2012-ci il London Yay Olimpiya Oyunları, UEFA Avropa Liqası və digər nüfuzlu beynəlxalq layihələrin rəsmi yayım hüququna sahibdir. Görüşdə İctmai Teleradionun dünyanın böyük telekorporasiyaları ilə intensiv əməkdaşlıq etdiyi, həmin kanallarla müştərək proqramlar və canlı telekörpülərin hazırlandığı bildirilib.
Göstərilən xoş münasibətə və diqqətə görə minnətdarlıq edən səfir Piter Beytman Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlərin strateji əməkdaşlıq səviyyəsində olduğunu, xüsusilə iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyini deyib. O, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeydi-daimi üzv seçilməsi və "Eurovision-2012"yə ev sahibliyi etməsini önəmli hadisələr kimi qiymətləndirib. P.Beytman bu hadisələrin ölkənin beynəlxalq nüfuzunun güclənməsində vacib rol oynayacağını qeyd edib. P.Beytman səfir kimi fəaliyyət göstərəcəyi müddətdə iki ölkə arasında münasibətlərin, xüsusilə də media sahəsini əhatə edən əlaqələrin genişlənməsinə çalışacağını vurğulayıb. İctimai Teleradionun fəaliyyətə başlamasından qısa müddət keşməsinə baxmayaraq şirkətin yaradıcı və texniki imkanlarının onda xoş təəssürat yaratdığını qeyd edib.
Səfir gələcəkdə Böyük Britaniyanın digər televiziya kanalları ilə də əlqələrin qurulacağına inandığını qeyd edib.
“Eurovision-2012” hazırlıqları ilə maraqlanan qonaq İctimai Teleradionun studiyaları ilə də tanış olub.
Modern.az