Modern.az

Deputat Elmira Axundova müsabiqədə qalib gələn tələbələrin adlarını açıqladı

Deputat Elmira Axundova müsabiqədə qalib gələn tələbələrin adlarını açıqladı

19 Dekabr 2011, 16:42

Modern.az saytındakı Milli Məclisin deputatları ilə ali məktəb tələbələri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən “Deputat-tələbə əməkdaşlığı” layihəsinin növbəti qalibləri məlum olub.

Deputat Vahid Əhmədov və Jalə Əliyevadan sonra millət vəkili Elmira Axundova da özünün təqdim etdiyi mövzuya uyğun yazılar yazan tələbələr arasından qalibləri seçib.

Elmira Axundova Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Türkan Xəlilovanın yazdığı “Mən xalqın aynasıyam” adlı məqaləni birinci yerə layiq bilib.

İkinci yerin qalibləri isə iki nəfərdir. Millət vəkili BDU-nun tələbəsi Aqşin Zamanovun “Aldığım təhsilə görə hər gün özüm-özümü vicdan məhkəməsinə verirəm” yazısını və İqtisad Universitetinin tələbəsi Tofiq Ağayevin “Təhsil və mən” məqaləsini ikinci yerə çıxarıb.

Üçüncü yerə isə “Gənclərin cəmiyyətdə öz yerini tapa bilməməsinin öz səbəbləri var” adlı yazı ilə Bakı Slavyan Universitetinin magistri Aytən Əliyeva layiq görülüb.

Ümumilikdə Elmira Axundova yazılan yazılara görə tələbələrin ümumi səviyyəsinin onu qane etdiyini bildirib. Deputatın yeganə narazılığı yazılarda mövzudan yayınmaların müşahidə olunması ilə bağlıdır.

“Əgər yazılan yazıların hamısı mövzuya aid olsaydı, mən millət vəkili olaraq hər yazı ilə bağlı mükafat verəcəkdim. Ancaq digər yazılar mövzunu əhatə etməyib və kənarlaşmalar müşahidə olunub. Ümumiyyətlə isə tələbələrin səviyyəsi ilə intellektual bacarıqları məni qane edib” deyə Elmira Axundova bildirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...