Bu gün Sumqayıt Olimpiya İdman Kompleksinin açılışı olub. Modern.az Prezidentin rəsmi internet saytına istinadan xəbər verir ki, açılış mərasimində ölkə başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.
Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib. Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Sumqayıt Olimpiya İdman Kompleksi haqqında məlumat verib. Bildirilib ki, inşasına 2007-ci ildə başlanılan kompleksin tikintialtı sahəsi 4953, ümumi tikinti işlərinin sahəsi isə 13 min 477 kvadratmetrdir.
Dövlət başçısı və xanımı əvvəlcə kompleksin üçmərtəbəli binasındakı trenajor, ağır atletika zalları, tir otağı və kinozal ilə tanış olublar.
Komplekslə tanışlıqdan sonra Prezident Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri və idmançılarla görüşüb.
Prezident ölkəmizdə olimpiya hərəkatının inkişafındakı xidmətlərinə, eləcə də müxtəlif idman yarışlarında əldə etdiyi nailiyyətlərə görə bir qrup şəxsə fəxri fərmanlar, yüksək fəxri adların vəsiqələrini və mənzillərin orderlərini təqdim etdi.
Prezident İlham Əliyev Sumqayıta səfəri çərçivəsində azot gübrəsi – karbamid istehsalı zavodunun təməlinin qoyulması mərasimində də iştrak edib.
Dövlət başçısı zavodun sxemini, texniki göstəricilərini və hazır olduqdan sonrakı vəziyyətini əks etdirən stendlərə baxıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Prezidentə məlumat verib ki, 24 hektar ərazidə inşa olunacaq zavodun tikintisi 2014-cü ildə başa çatdırılacaq. Zavodun gündəlik istehsal gücü 1200 ton ammonyak, 2000 ton karbamid təşkil edəcək.
Prezidentə məlumat verilib ki, zavodun tərkibində ammonyak və karbamid mayesi istehsalatı və əmtəəlik karbamid istehsalı bölməsi fəaliyyət göstərəcək. Zavodun əmtəəlik məhsulları ammonyakdan və karbamiddən ibarət olacaq.
Diqqətə çatdırılıb ki, zavodun inşası zamanı 3 min, müəssisə fəaliyyətə başladıqdan sonra isə 500 nəfər işlə təmin olunacaq.
Dövlət başçısı Dövlət Neft Şirkətinin mütəxəssislərinə və inşaatçılara tövsiyə və tapşırıqlarını verib.
İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 19-da Nəsimi adına Sumqayıt şəhər dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olublar.
Modern.az