Azərbaycan İnternet Forumu Milli İnternet Mükafatı - Milli Net 2011 müsabiqəsinə yekun vurub. Bu mükafat hər il Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən milli internet resurslarına və internet layihələrinə müsabiqə yolu ilə təqdim edilir. 11 nominasiya üzrə keçirilmiş müsabiqədə “Dövlət və bələdiyyə saytları” nominasiyasında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin www.azersu.az internet saytı 2-ci yerə layiq görülwb. Müsabiqənin nəticələri qiymətləndirilərkən münsiflər heyəti “Azərsu” ASC-nin internet səhifəsinin dizaynını və məzmununu yüksək qiymətləndirib.
“Azərsu” ASC-nin internet səhifəsi 2011-ci ilin sentyabr ayında istifadəyə verilib. İstifadəçilər www.azersu.az saytından azərbaycan və ingilis dillərində su təsərrüfatı haqqında geniş məlumat ala, onlayn xidmətlərdən istifadə edə, onlayn şikayət və müraciət göndərə bilərlər.
Qeyd edək ki, Milli Net 2011 müsabiqəsinin nəticələrinə əsasən “Dövlət və bələdiyyə saytları” nominasiyasında birinci yeri www.sspf.gov.az, üçüncü yeri isə www.apus.az saytı tutmuşdur.