Modern.az

Azərbaycan Fransadakı səfirini geri çağırmalıdır - BƏYANAT

Azərbaycan Fransadakı səfirini geri çağırmalıdır - BƏYANAT

26 Dekabr 2011, 15:13

BAXCP İdarə Heyəti: «Əgər qanun Fransa senatı tərəfindən də qəbul edilərsə, o zaman Azərbaycan bu ölkə ilə bütün əlaqələrinə yenidən baxmalıdır»

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

İctimai-siyasi vəziyyətlə bağlı məsələlərin müzakirəsi zamanı əsas diqqət ötən həftə Fransa Milli Assambleyasının (parlamentinin) aşağı palatasında qondarma erməni soyqırımı iddialarının inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbuluna yönəldilib. Bununla bağlı qəbul edilən bəyanatda deyilir:

«Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Fransa Milli Assambleyasının (parlamentinin) aşağı palatasında qondarma erməni soyqırımı iddialarının inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbul edilməsini qətiyyətlə pisləyir və bu addımın demokratik düşüncəyə, insan hüquq və azadlıqlarının əsasını təşkil edən söz və fikir azadlığı prirsiplərinə zidd olduğunu bildirir».

Fransanın siyasi elitasının erməni diasporunun təsiri altında olduğunu bir daha xatırladan BAXCP İdarə Heyətinin qənaətinə görə, Azərbaycan vaxtilə bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi fəaliyyət göstərməsinə qarşı çıxmaqla tamamilə haqlı mövqe sərgiləyib: «Azərbaycanın etirazlarına baxmayaraq, Fransa zorla ATƏT-in Minsk qrupunun həmsədri olub.

Fransa Milli Assambleyasının bu qərarından sonra adıçəkilən ölkənin ATƏT-in Minsk qrupunun həmsədəri kimi vasitəçilik missiyasını davam etdirməsi mümkün deyil və Fransanın vasitəçilik missiyasından imtina olunmalıdır».

BAXCP hesab edir ki, Azərbaycan da Türkiyə kimi öz səfirini məsləhətləşmələr üçün geri çağırmalıdır: «Əgər qanun Fransa senatı tərəfindən də qəbul edilərsə, o zaman Azərbaycan bu ölkə ilə bütün əlaqələrinə yenidən baxmalıdır».

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal