Dünya Azərbaycanlılarının Həmrəylik gününü Daşkənddə yaşayan həmyerlilərimiz də böyük təntənə ilə qeyd ediblər. Özbəkistandakı silsilə tədbirlərə Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Azərbaycanın dövlət himni çalındıqdan sonra start verilib. Tədbirə dəvət olunmuş Azərbaycan və özbək ziyalıları, mədəniyyət və incəsənət xadimləri, tələbələr, eləcə də diasporumuzun fəal üzvləri Azərbaycan şəhidlərininn ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov 2011-ci ilin azərbaycanlılar üçün çox önəmli hadisələrlə yadda qaldığını bildirib. Səfir bu il müstəqilliyimizin 20 ilinin tamam olduğunu, BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini Azərbaycanın siyasi aləmdə böyük uğuru kimi dəyərləndirib. Diplomat Dünya Azərbaycanlılarının üçüncü qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqində irəli sürülən vəzifələrlə əlaqədar diaspor qarşısında duran mühüm vəzifələrdən danışıb. Bundan sonra diaspor fəallarına təşəkkür məktubları və xatirə hədiyyələri təqdim olunub.
N.Abbasov dünyanın bir sıra ölkələrində, o cümlədən Özbəkistanda Azərbaycan rəqslərini təbliğ edən Kanadanın York Universitetinin professoru, əslən azərbaycanlı olan baletmeystr Saşar Zərifə Heydər Əliyev Fondunun nəfis şəkildə hazırladığı “Qarabağ xanəndələri” Muğam albomunu hədiyyə edib.
Bayram şənliyi “Qarabağ” instrumental ansamblının ifasında səslənən Azərbaycan rəqsləri və mahnıları ilə davam edib.
Ləman Ağayeva
Daşkənd