Modern.az

Böyük Qələbəyə bir addım da yaxınlaşdıran il - 2011

Böyük Qələbəyə bir addım da yaxınlaşdıran il - 2011

27 Dekabr 2011, 09:46

"Silahlı Qüvvələrə İctimai Nəzarət Mərkəzi” İctimai Birliyinin sədri

2011-ci il başa çatır. Bu il də Azərbaycanda ordu quruculuğu  işi uğurla davam etdirilib. İyunun 26-da Silahlı Qüvvələr Günündə Bakıda  “Azadlıq” meydanında keçirilən hərbi parad bunu bir daha ortaya qoydu.

Müasir səviyyəli ordu

Həm də Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş hərbi paradda Müdafiə Nazirliyinin hərbi lisey və məktəbləri, ordu birləşmələri, xüsusi təyinatlı qüvvələr, Dövlət Sərhəd Xidməti (DSX), Daxili Qoşunlar, Milli Təhlükəsizlik Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti keçid edib. Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmilər parada dənizdən dəstək verib. Keçiddə Azərbaycan Silahlı Qüvvələrinin hərbi texnikaları iştirak edib, döyüş təyyarələri və helikopterlərlə mürəkkəb manevrlər həyata keçirilib. Paradın bir yeniliyi də ilk dəfə olaraq Azərbaycan istehsalı olan hərbi texnikaların və silahların nümayiş etdirilməsi olub. Azərbaycanda müdafiə sənayesinin yaradılması və ordumuzun öz silahlarımızla silahlandırılması sahəsində əldə edilən ciddi uğurlar qürur hissi doğurmaya bilməz. Müdafiə Sənayesi Nazirliyi fəaliyyətə başladığı tarixdən bu günədək nazirliyin tabeli birlik və müəssisələrində 40-dan artıq yeni istehsal sahəsi yaradılıb. Bunlardan 10-u 2011-ci ildə isifadəyə verilib. 2011-ci ildə istehsal olunmuş müdafiə təyinatlı məmulatların həcmi 2007-ci illə müqayisədə 23,0 dəfədən çox artıb. Bu gün “Matador” və “Marauder” tipli zirehli transportyorların, “Aerostar” və “Orbiter-2M” tipli pilotsuz uçuş aparatlarının birgə istehsalı, NATO standartlarına uyğun müasir tipli  tapançaların istehsalı, hazırda Silahlı Qüvvələrdə istifadə edilən keçmiş SSRİ istehsalı olan müxtəlif tıpli zirehli döyüş maşınlarının müasir tələblərə uyğun təkmilləşdirilməsi işləri uğurla həyata keçirilir. 2011-ci ilin ilkin nəticələrinə görə nazirlik üzrə istehsal olunan müdafiə təyinatlı məmulatların həcmi ötən illə müqayisədə 2,5 dəfə artıb, çeşidlərinin sayı isə 650-yə çatdırılıb.

Bu il Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi irimiqyaslı hərbi təlimlərdə yüksək peşəkarlıq nümayiş etdirilib və düşmən ölkə bu təlimlərdən narahatlığını gizlədə bilməyib. Kadr potensialı da ildən-ilə güclənməkdədir. Bu il də ali hərbi məktəblərimizin yeni buraxılışı olub, hərbi tibb fakültəsini bitirən həkimlər də ordu sıralarında qulluğa başlayıblar.

2011-ci ildə Azərbaycan hərbçiləri Əfqanıstan və İraqda sülhməramlı missiyada iştiraklarını müvəffəqiyyətlə davam etdiriblər. NATO ilə əməkdaşlıq sahəsində yeni addımlar atılıb. Azərbaycan Silahlı Qüvvələri dünüyanın 50-dən çox ölkəsi ilə ikitərəfli hərbi əməkdaşlıq edir. Bütün bunlar Azərbaycan ordusunun müasir tələblərə cavab verdiyini təsdiqləyir. 

Dövlətin diqqət və qayğısının bariz nümunəsi

Ancaq dünyanın heç bir ordusu ideal deyil, hər bir orduda çatışmazlıqlar da var. Azərbaycan ordusu da istisna bu baxımdan istisna deyil. Lakin Azərbaycan ordusundan danışarkən unutmamaq lazımdır ki, bu ordu müstəqillik qazandıqdan sonra hərbi ənənələrin zəif olduğu bir şəraitdə və müharibə vəziyyətində olan ölkədə formalaşıb. Belə bir şəraitdə müasir tələblərə cavab verən ordunun yaradılması yüksək qiymətləndirilir və bu gün Azərbaycan ordusunun Cənubi Qafqazda ən güclü ordu olduğu hər kəs tərəfindən etiraf olunur. Hərbi büdcəmiz 3,3 milyard dollara çatıb və bu, düşmən Ermənistanın ümumən dövlət büdcəsindən çoxdur. Digər tərəfdən, hərbi qulluqçuların sosial durumlarının yaxşılaşdırılması istiqamətində addımların atılması davam edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə sərəncam imzalayıb. Sərəncamla Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşları orta hesabla 25%, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 10% artırılıb. Sərəncam 2011-ci il iyulun 1-dən qüvvəyə minib. Paralel olaraq veteranların mənzil və avtomobillərlə təmin olunması, təqaüdlərinin artırılması, onlara Prezident təqaüdlərinin verilməsi də diqqət mərkəzindədir. Eyni zamanda dünyanın ən müasir tibb texnologiyası Azərbaycana gətirilib, həkimlərimiz Gülhanə Hərbi Tibb Akademiyasında kurs keçirlər.

Onu da qeyd etmək lazımdır ki, bu il iyunun 25-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” və Hərbi xidmətlərə görə”  medalları ilə təltif olunub. Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə Dövlət Sərhəd Xidmətinin və  Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları müxtəlif medallarla təltif ediliblər. Eyni zamanda hərbi qulluqçuların mənzil probleminin həlli də diqqət mərkəzindədir. Bütün bunlar dövlətin orduya diqqət və qayğısının bariz nümunəsidir. 

Ordu əleyhinə yönələn qara təbliğat

Uğurlar artdıqca ordumuzu istəməyən qüvvələrin bədxah niyyətləri də güclənir. Dünyada və bölgədə belə qüvvələr olduğu məlum gerçəklikdir. Bu qüvvələr qrant layihələri vasitəsi ilə Azərbaycandakı müəyyən qruplarla əlaqə qurur və orduya inamsızlıq yaratmağa çalışırlar. Təəssüf ki, bu gün Azərbaycanda bir qrup şəxslər bu sahədə alətə çevriliblər. Bu şəxslərin əksəriyyəti Azərbaycan Silahlı Qüvvələrində uğur qazanmayıb, ordudan uzaqlaşdırılanlardır. Ordunun dövlətə və hökumətə nə qədər sədaqətli olduğunu görüb ordunun üzərinə yeriməyə başlayıblar. Bəzi şəxslər də bu qrupların təsir dairəsinə düşürlər. Xüsusən gənclərin belə təsir altına düşməsi yolverilməzdir. Yaddan çıxmamalıdır ki, dünya ordularında da itkilər olur. Məsələn, Türkiyədə PKK terroru nəticəsində hərbçilər şəhid olur, ancaq hamı ordunu dəstəkləyir. Ancaq təəssüf ki, Azərbaycanda bir hadisə olan kimi müəyyən dairələr ordu əleyhinə təbliğat aparmağa başlayırlar. Bu kimi halların intensivliyi qara bir  məqsədyönlülükdən xəbər verir. Belələri orduda övladları qulluq edən valideynləri xofa salmağa çalışırlar. Lakin hamının bu və ya digər yaxını, qohumu ordu sıralarındadır və ordudakı real vəziyyət barədə məlumat alır. Buna görə də əhalinin mütləq əksəriyyəti, ziyalılarımız ordudakı uğurları dəstəkləyirlər.

Bir məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycanın ordu quruculuğu sahəsində əldə etdiyi uğurları xarici ekspertlər daha yaxşı görürlər. Bu da təsadüfi deyil. Məsələn, biz ailədə övladımızın necə böyüdüyünü hiss edə bilmirik, kənardan evimizə gələn insanlar övladımızın müəyyən müddətdə xeyli böyüdüyünü deyəndə təccüblənirik. Lakin ordu düşmən qarşısında polad kimi olsa da, xalqla təmasda isə incə, şüşə kimidir. Orduya atılan iftiralar zabitləri - hərbçiləri incidir, onlara böyük təsir edir. Zabit ordunun ikiqat vətəndaşıdır, Vətənə xidmət üçün öz azadlıqlarının bir qismindən könüllü imtina edib. Şüurlu surətdə ömrünü vətənin müdafiəsinə həsr edib. Ona görə də hansı peşənin nümayəndəsi olmağımızdan asılı olmayaraq ordunu sevməli və sevərək də tənqid etməliyik. Bu il ərzində Silahlı Qüvvələrin rəhbərliyinin işində nöqsana yol verən hərbi komissarları, bir sıra həkimləri cəzalandırması təsadüfi deyil. Hərbi qulluqçular arasında fərqlənənlərin mükafatlandırılması ilə bərabər, nöqsana yol verənlərin cəzalandırılması da anlaşılandır. Nəzərə alınmalıdır ki, iş olan yerdə nöqsan da olur.  Ancaq atılan addımlar bir daha Azərbaycanda ordu quruculuğunun müasir standartlar əsasında aparıldığını göstərir.

Gözlənilən bayram

Sözsüz ki, ordudan gözlənti Qələbə Bayramıdır. Ordu quruculuğu sahəsində ən qısa müddətdə qət edilən yol, əldə olunan nailiyyətlər o günün uzaqda olmadığından, torpaqlarımızın qısa müddətdə azad ediləcəyindən xəbər verir. Azərbaycan bütün sahələrdə düşməndən güclüdür. Bu il diplomatiya və mədəniyyət sahəsində əldə olunan möhtəşəm uğurlar da bunu bir daha təsdiqlədi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bu cür uğurlar Böyük Qələbəyə, torpaqlarımızın işğaldan azad olunmasına gətirib çıxaracaq.

Yeni il  və Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə hərbi qulluqçuları və veteranları təbrik edirik. Bayramın mübarək, Azərbaycan əsgəri!

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal