Noyabrın 1-dən bağlanan Bakı Metropoliteninin “Məşədi Əzizbəyov” stansiyasında yenidənqurma işləri sona çatıb. Bu barədə Modern.az saytına Bakı Metropoliteni İdarəsinin baş mühəndisi Elbrus Muradov bildirib.
O, deyib ki, stansiya artıq açılışa hazırdır. Amma baş mühəndis açılış tarixini söyləməyib. Yalnız onu deyib ki, Metropoliten rəhbərliyi hazırda stansiya ərazisindədir və açılış işlərinə nəzarətlə məşğuldur.
Bakı Metropolitenindəki digər mənbədən isə saytımıza bildirilib ki, dekabrın axırınadək təkrar istismara veriləcək "Məşədi Əzizbəyov" stansiyasının açılışı ya bu gün, ya da sabah ola bilər. Açılış mərasiminə Prezident İlham Əliyevin də qatılacağı gözlənilir.
Modern.az-ın məlumatına görə, açılışdan sonra stansiya “Koroğlu” adlanacaq. Artıq stansiyanın platformasındakı göstəricilərdə də “Koroğlu” adı yazılıb. Satansiyanın yerüstü binası pirmida formasında şüşə konstruksiyadan tikilib.
"Koroğlu" stansiyası "İçərişəhər"dən sonra Bakı Metropoliteninin şüşə konstruksiyalı ikinci stansıyası olacaq.
Stansiyada aparılan yenidənqurma işləri nəticəsində yeni giriş və çıxışlar tikilib, stansiyaya gedən yeraltı keçidlərin yeri dəyişdirilib, daxili interyer yenilənib.
Qeyd edək ki, sözügedən stansiyanın yerləşdiyi Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində aparılan abadlıq işləri çərçivəsində burada xeyli yenilik edilib. Belə ki, metrostansiya ilə üzbəüz ərazidə park salınıb, parkın ortasında təpə ucaldılıb, təpədə isə qüllə quraşdırılıb. Dubaydakı məşhur qüllənin oxşarı olan bu qurğunun fırlanan işıqları gecələr “Koroğlu” stansiyasının ətrafını çıraqban edəcək. Qüllədə gecələr rəngli işıqlardan ibarət Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Stansiya istifadəyə verilən zaman "Dubay qülləsi"nin də açılışı olacaq.
Modern.az