Dekabrın 27-də “Azərsu” Acıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun (ETLİ) yaranmasının 50 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbirdən əvvəl institutun yaranması və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
“Sukanal” ETLİ-nin direktoru Oqtay Heybətov institutun yaranma tarixinə nəzər salaraq bildirib ki, institut Azərbaycan SSR Nazirlər Sovetinin 20 iyul 1961-ci il tarixli 636 nömrəli qərarı ilə Ümumittifaq Elmi-Tədqiqat “VODQEO” İnstitutunun Bakı filialı kimi yaradılıb.
“Azərsu” ASC-nin Strateji İnkişaf departamentinin rəisi Əhməd Məmmədov aparılan elmi-tədqiqat və layihələndirmə işlərindən danışaraq qeyd edib ki, institutda çaylar üzərində layihələndirilən su anbarları və müxtəlif hidrotexniki qurğuların tədqiqi, çirkab suların dəniz suları ilə qarışması məsələlərinin öyrənilməsi, dəniz suyunun şirinləşdirilməsi istiqamətində geniş işlər aparılıb.
“Azərsu” ASC sədrinin iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədov “Sukanal” ETLİ-nin əmək kollektivini yubiley münasibəti ilə təbrik edərək, gələcək fəaliyyətlətində onlara uğurlar arzulayıb. O, ölkə Prezidenti İlham Əliyevin qarşıya qoyduğu tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün institut kollektivinin üzərinə böyük məsuliyyətin düşdüyünü vurğulayıb.
Tədbirin sonunda su təsərrüfatının inkişafında xüsusi xidmətləri olan institut əməkdaşları fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Modern.az