Modern.az saytı son vaxtlar adı tez-tez gündəmə gələn Azərbaycan İslam Partiyasından (AİP) hazırda ölkədə və xaricdə fəaliyyət göstərən hansi siyasi təşkilatlarla əməkdaşlıq etdiyini soruşub. Əməkdaşımızın sualına AİP-in mətbuat katibi Cavid Cabbarlı cavab verib. O, bildirib ki, İslam Partiyasının yarandığı gündən prinsipi milli dəyərlərin qorunub saxlanması və bu dəyərlərin təbliği ilə məşğul olmaqdır.
“Eyni zamanda siyasi xətt üzrə fəaliyyətini özünəməxsus bir formada inkişaf elətdiri” deyən AİP rəsmi hazırda əməkdaşlıq etdikləri konkret təşkilatın adını çəkməyib.
“Ancaq müəyyən mənada milli dəyərlərə, Azərbaycan dövlətçiliyinə, Azərbaycanda demokratiyanın inkişafı istiqamətində cəhd göstərən, addım atan istənilən partiya və istənilən siyasi təşkilatla əməkdaşlıq etməyə hazırıq. Konkret bunu demək olmaz ki, hansısa bir siyasi təşkilatla əməkdaşlıq edirik. Çünki Azərbaycan İslam Partiyası və digər siyasi qurumlar öz əqidələrinə və ideologiyalarına uyğun olaraq digər təşkilatlarla yaxınlaşıb və uzaqlaşma prosesləri həyata keçirirlər. Ola bilsin bəzi siyasi partiyalar müəyyən məsələlərdə, hadisələrdə hansı partiya ilə əqidəsi, ideologiyası, maraqları üst-üstə düşürsə onunla əməkdaşlıq edir”.
C.Cabbarlı deyib ki, Azərbaycan İslam Partiyası konkret olaraq hər hansı bir partiya ilə deyil, hansısa siyasi qurumun hadisələrə uyğun olaraq göstərdiyi mövqelərə münasib əməkdaşlıq edir. O, AİP-in xarici siyasi partiyalarla əməkdaşlığının olmadığını vurğulayıb.
Anar Kəlbiyev