Oğuz-Qəbələ-Bakı kəmərinin istismara verilməsinin birinci ildönümü münasibətilə “Azərsu” ASC-nin kollektivi Fəxri xiyabanı ziyarət edib.
Sonra bu münasibətlə keçirilən tədbirdə “Azərsu” ASC-nin sədri Q.Hüseynov bildirib ki, 2011-ci il dekabrın 23-dən kəmərin məhsuldarlığı layihə gücünə, yəni saniyədə 5 kubmetrə çatdırılıb. Bu layihənin Azərbaycanın daxili maliyyə imkanları hesabına həyata keçirilən ən böyük infrastruktur layihəsi olduğunu bildirən “Azərsu” ASC-nin sədri deyib ki, Oğuzda qazılan quyuların məhsuldarlığı orta hesabla saniyədə 50 litr proqnozlaşdırılırdı. İndi istismarda olan quyuların çoxu saniyədə 70-90 litr, hətta bəziləri 130 litrə qədər su verir. Bu da onu deməyə əsas verir ki, Oğuzda kifayət qədər su ehtiyatı var.
Onun sözlərinə görə, Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verildikdən sonra Bakı şəhəri və onun qəsəbələrinin içməli su təminatı əsaslı şəkildə yaxşılaşıb. Oğuz-Qəbələ-Bakı kəməri ilə nəql olunan su paytaxtın Yasamal və Nəsimi rayonlarını bütövlükdə, Səbail, Nərimanov və Binəqədi rayonlarının əksər hissəsini, Nizami, Xətai və Sabunçu rayonlarının bir hissəsini təmin edir. Bakı şəhərinə verilən suyun həcminin artması nəticəsində Yasamal, Nəsimi, Səbail və Nərimanov rayonlarının 75 faizdən çox hissəsi fasiləsiz su alır. Mərasimdə Oğuz-Qəbələ-bakı su kəmərinin tikintisi və istismarında əməyi olan 22 nəfər Fəxri fərman və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
“Bakıya Oğuzdan saniyədə əlavə 5 kubmetr suyun verilməsi Kür Sutəmizləyici Qurğularından Abşerona verilən suyun azaldılmasına imkan yaradıb. Amma bu kompleksdəki bəzi qurğuların fəaliyyətinin dayanması ilə nəticələnməyəcək. Əvəzində Kür Sutəmizləyici Qurğularında emal olunan içməli suyun bir hissəsi rayonların və kəndlərin təminatına yönəldəcək. Artıq təsdiq olunmuş proqrama əsasən Biləsuvar, Neftçala, Salyan, Şirvan, Sabirabad və Saatlı şəhərləri və kəmər boyunca yerləşən 147 kənd və qəsəbə bu mənbədən qidalanacaq. Nəticədə 602 min nəfər keyfiyyətli və dayanıqlı su ilə təchiz olunacaq”-deyə qurumdan Modern.az-a bildirilib.
Qeyd edilib ki, bu layihə seçilməklə həm də xərclərə qənaət etmiş olunur. Belə ki, Biləsuvar, Neftçala, Salyan, Şirvan, Sabirabad və Saatlı şəhərləri yerləşən ərazidə şirin su mənbəyi yalnız Kür və Araz çaylarıdır.
“Əgər bu mənbə seçilməsəydi, o şəhərlərin hər biri üçün sutəmizləyici qurğu tikilməli idi İndi bunlara ehtiyac qalmır. Üstəlik təmiz su alacaq 147 kəndin əksər hissəsinin su problemi həll olunmamış qalacaqdı”.
Oğuz-Qəbələ-Bakı kəmərinin istismara verilməsinin birinci ildönümü münasibətilə bu gün Balaxanı qəsəbəsində tutumu 80 min kubmetr olan anbar kompleksinin təməli də qoyulub. Bu anbar "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Bakı ətrafı qəsəbələrin su təchizatının yaxşılaşmasına səbəb olacaq. Bu anbar indiyə qədər su almayan Qala, Zirə, Türkan, Pirallahı və digər qəsəbələrin keyfiyyətli və dayanıqlı su təchizatına imkan verəcək. Qeyd edək ki, Gələcəkdə anbar kompleksinə Oğuz-Qəbələ-Bakı kəmərindən və Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən su nəql etmək üçün yeni iri diametrli kəmər də çəkiləcək.
Modern.az