Xankəndi, eləcə də ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik olan Kərkicahan qəsəbəsi 1991-ci il dekabrın 28-də erməni silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal gününə qədər Xankəndi ərazi vahidliyinin tərkib hissəsi olan Kərkicahanın müdafiəsi kənd sakinlərindən ibarət yerli özünü müdafiə dəstələrindən, yeni yaranmış olan polis və Milli Ordunun bir qrup əsgərləri tərəfindən təşkil olunmuşdu. Təbii ki, Xankəndi istiqamətindən Kərkicahana doğru hücuma keçən erməni silahlılarının istifadəsində olan hərbi texnika və ağır silahların qarşısında bu cür müdafiə dəstələri son nəticədə geri çəkilməyə məcbur oldular. Lakin bütün bunlara baxmayaraq, özünü müdafiə dəstələrinin bir müddət erməni silahlılarının hücumlarının qarşısını almalarınəticəsində dinc əhali qəsəbədən çıxarıla bilmişdi.
İşğaldan əvvəl əhali 350 ailə təsərrüfatı nəzdində 1796 nəfər təşkil edib. 2 orta məktəb, 1 uşaq bağçası, 1 kitabxana, 1 klub, 1 ATS, 1 poçt, 10 dükan, 1 tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan 5 sex və digər məişət-iaşə obyektləri dağıdılaraq ələ keçirilib. Kərkicahan və ətraf ərazilər uğrunda gedən döyüşlərdə 34 nəfər şəhid, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq əlil olub.
Modern.az xəbər verir ki, Kərkicahan qəsəbəsinin işğalının 20-ci ildönümü münasibətilə anım mərasimi keçirilib. İlk olaraq qəsəbə sakinləri, şəhid ailələri Şəhidlər Xiyabanını ziyarət edib, daha sonra isə “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyində mərasim davam etdirilib.
Xocalı rayon İcra Hakimiyyəti başçısının Kərkicahan qəsəbəsi üzrə nümayəndəsi Dərgah Haqverdiyev çıxış edərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda qəsəbə sakinlərinin necə və hansı şəraitdə mübarizə apardığından danışıb, 1988-1991-ci illər ərzində erməni silahlılarının qəsəbəyə hücumları barədə söz açıb.
122 saylı Xankəndi seçki dairəsindən deputat Flora Qasımova çıxış edərək Qarabağ hadisələrinin tarixi kökləri və səbəbləri barədə məlumat verib, həmçinin bu hadisələrin gənclərə, gələcək nəsillərə təlqin edilməsinin vacibliyini vurğulayıb.
Son olaraq, “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri barədə məlumat verib mərasim iştirakçılarının suallarını cavablandırıb.
Modern.az