Zəngilan rayon İcra Hakimiyyətinin və Zəngilan gənclərinin təşkilatçılığı ilə rayon ictimaiyyəti ilə görüş keçirilib. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə zəngilanlıları təbrik edərək bildirib ki, geridə qoyduğumuz 2011-ci il Azərbaycan xalqı üçün uğurlu il olub. Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin uğurlarından danışan icra başçısı əminliklə qeyd edib ki, növbəti – 2012-ci il də Azərbaycanın, xüsusən də Zəngilan rayonunun həyatında uğurlarla yadda qalacaq: «Mən buna əminəm və yaxın aylarda bunun şahidi olacağıq».
Tədbirdə daha sonra zəngilanlı yazıçı Salam Cavadlının müəllifi olduğu «Son gümanım - Zəngilanım» kitabının və Zəngilan rayonu haqqında bütün məlumatları özündə əks etdirən zengilan.info saytının təqdimatı olub. Kitabda Zəngilan rayonunun tarixi, ziyalıları, tanınmış alimləri, generalları, habelə Qarabağ müharibəsində şəhid olmuş oğul-qızları ilə yanaşı, digər məlumatlar da yer alıb. Burada, xüsusən, dünyada ikinci, Avropada birinci yerdə olan Çinar meşəsinin erməni terroruna məruz qalması xüsusi qeyd olunub. Zengilan.info saytının təşəbbüskarı olduğunu deyən icra başçısı Ramiz Həsənov əlavə edib ki, rayon gənclərinin bu işdə böyük dəstəyi və xidmətləri olub.
Tədbirdə digər ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri də çıxış edərək yeni kitabın və saytın Zəngilan rayonu üçün əlamətdar bir iş olduğunu dedilər. Sonra tədbirdə incəsənət nümayəndələri çıxış etdi.
Modern.az