Dekabr ayının 26-28 tarixlərində Milli Məclisin deputatı Əli Məsimlinin Şəki şəhərində növbəti qəbulları təşkil edilib. Bu qəbullar çərçivəsində millət vəkili bir qrup seçici - yerli QHT-lərin nümayəndələri, iş adamları, təhsil işçiləri və tələbələrlə görüşüb, onları narahat edən problemlərlə tanış olub, qanunvericiliyin təkmilləşdirilməsi və qanun yaradıcılığı məsələləri, həmçinin rayonun sosial-iqtisadi inkişafı ilə əlaqədar fikir mübadiləsi aparıb.
Əli Məsimlinin köməkçisi Vüsal Baxışov Modern.az-a bildirib ki, qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan bir sıra fərdi xarakterli problemlər müvafiq yerli icra hakimiyyəti sturukturlarına müraciət etmək yolu ilə yerindəcə həl edilib, digər - rayonda yeni iş yerlərinin yaradılması və məşğulluğun səviyyəsinin artırılması, batmış əmanətlərin qaytarılması, kəndlərin təbii qaz və içməli su ilə təchizatı, kənddaxili yolların bərpası və yollara asfalt örtüyün çəkilməsi kimi problemlərin hər birinin həlli istiqamətində qanunvericiliklə millət vəkilinə verilmiş səlahiyyətlər çərçivəsində lazımi addımların atılacağı və qeyd edilən məsələlərin daim diqqət mərkəzində saxlanılacağı, onların həlli üçün bu işə cavabdeh olan müvafiq dövlət qurumlarına müraciət ediləcəyi qəbula gəlmiş şəxslərin nəzərinə çatdırılıb.