Modern.az

“Hyatt Regency” oteli Ziyalılar Forumunun tədbirinə niyə yer vermədi?

“Hyatt Regency” oteli Ziyalılar Forumunun tədbirinə niyə yer vermədi?

Təhsil

29 Dekabr 2011, 15:43


Dekabrın 29-da “Hyatt Regency” otelində Azərbaycan Ziyalılar Forumunun növbəti toplantısı keçirilməliydi. Amma tədbirin başlanma ərəfəsində otel ziyalılar yer verməkdən imtina edib. Oteldən bunu texniki problem yaranması ilə əsaslandırıblar.

Forumun üzvü, politoloq Eldar Namazov isə “Azadlıq” radiosuna deyib ki, otelin səsləndirdiyi arqument inandırıcı deyil:

«Biz bir neçə dəfə belə hallarla rastlaşmışıq. Üstəlik, hakimiyyət nümayəndələri Ziyalılar Forumunda olanlar barədə çox aqressiv bəyanatlar səsləndirirdilər. Sözsüz ki, bu, Ziyalılar Forumunu susdurmağa, onun fəaliyyətinə mane olmağa bir cəhddir. Biz belə hərəkətləri qətiyyətlə pisləyirik. Bu təzyiqlərlə, qeyri-qanuni hərəkətlərlə ziyalıları nə susdurmaq, nə də qorxutmaq olar. Ziyalılar Forumu öz tədbirini mütləq keçirəcək. Onun vaxtı və yeri haqqında yaxın zamanlarda mətbuata məlumat veriləcək. Ziyalılar Forumu artıq bu hadisəni pisləyən bəyanat da qəbil edib».

Eldar Namazov deyir ki, toplantının keçirilməsi üçün otellə rəsmi müqavilə imzalanıb, pul ödənilib.

Modern.az-ın məlumatına görə. “Hyatt Regency” otelində keçiriləcək toplantı gənclərə həsr olunacaqdı”.

Ziyalılar Forumunun rəhbərliyində təmsil olunan Eldar Namazovun sözlərinə görə, toplantı Ziyalılar Forumunun 2011-ci ildəki son tədbiri olduğu üçün mövzu ətrafında uzun zaman müzakirələr aparılıb.

Azərbaycan Ziyalılar Forumu 2009-cu ildə yaradılıb. Qurumun missiyası ölkədə ictimai rəyin formalaşması və qərar qəbul etmə prosesinə təsiri artırmaq üçün ziyalıları toparlamaq, ölkənin sabit və davamlı inkişafı üçün zəruri olan mütərəqqi islahatların hazırlanıb həyata keçirilməsində Azərbaycanın vətəndaş cəmiyyətinin rolunu artırmaqdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal