Dekabrın 29-da Azərbaycanın Rumıniyadakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü qeyd olunub. Tədbirdə Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyası, Rumıniya-Azərbaycan ikitərəfli Sənaye və Ticarət Palatası, ARDNŞ-in Rumıniyadakı nümayəndəliyinin rəhbər və idarə heyətləri və üzvləri iştirak ediblər.
Səfirlikdən Modern.az saytına verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Həmrəylik günü ilə əlaqədar dünya azərbaycanlılarına müraciəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
"31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi qeyd olunması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır"-deyə səfir Eldar Həsənov bildirib.
Tədbirdə Qarabağ məsələsinin öz həllini tezliklə tapması və Azərbaycanın ərazi bütövlüyünün bərpası, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmasının təmin olunması ümummilli məsələlər kimi vurğulanıb.
2011-ci ildə Rumıniya-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində səfirlik tərəfindən aparılan işlər, əldə olunan nailiyyətlər barəsində ətraflı məlumat verərən Eldar Həsənov Azərbaycan dövləti qarşısında duran mühüm vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsinə töhfə vermək məqsədilə Rumıniyadakı həmyerlilərimizin və diaspor təşkilatlarının daha mütəşəkkil və aktiv fəaliyyət göstərməsinin zəruriliyini qeyd edib.
Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş tədbir Serbiya, Bosniya və Herseqovina, Monteneqroda da keçirilib.
Modern.az