Milli Məclisdə müzakirələr davam edir. Modern.az saytının məlumatına görə, parlamentin iclasında iştirak edən millət vəkilləri “Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında məxfi məlumatın qarşılıqlı mühafizəsi haqqında" sənədi təsdiqləyiblər.
"Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında sərmayələrin qarşılıqlı qorunması və təşviqi haqqında" sənədin müzakirəsi zamanı isə deputat Qüdrət Həsənquliyev çıxış edərək bu gün Azərbaycanda “erməni soyqırımı” məsələsində Azərbaycan Türkiyənin yanında olmaması ilə bağlı fikirlərin səsləndiyini bildirib.
“Əksinə, bu gün parlamentin sədri Oqtay Əsədovun da bu məsələ ilə bağlı komissiya yaratması göstərir ki, Azərbaycan Türkiyənin yanındadır. Amma gəlin görək, Türkiyə Azərbaycanın yanındadırmı?”
Q.Həsənquliyev deyib ki, bu gün ermənilərin ayaqüstə durmasında iki dövlətin böyük xidməti var: Türkiyə və İran.
“Hər il 18 min böyük “TIR”lar ticari əlaqə üçün Türkiyədən Ermənistana yola salınır. Bu yaxınlarda Ermənistanda Türk-Erməni İş Adamlarının Forumu keçirildi. Orada belə bir rəqəm səsləndirildi ki, Türkiyə-Ermənistan ticari əlaqələri 300 milyon manatdır. Gəlin biz də Türkiyəyə müraciət edək. Necə olar ki, Fransa belə bir sənəd qəbul edən kimi artıq Türkiyə Fransa ilə bütün əlaqələri kəsir? Ermənistanla da bu əlaqələri kəsmək lazımdır. Ərdoğan Avropa Şurası Parlament Assambleyasının tribunasında fəxrlə deyir ki, Türkiyədə on minlərlə erməni qanunsuz halda yaşayır. Bütün bunlar necə ola bilər? Bu məsələrin üstündən keçməklə bizə minnətdarlıq edən yoxdur”.
Modern.az