Yeni ilin ilk günündə, yanvarın 1-də Qusar Rayon Polis Şöbəsinin əməkdaşları üçün yeni yaşayış binası istifadəyə verilib. Tədbirdə respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov iştirak edib. Bu barədə Modern.az-a DİN mətbuat xidmərindən məlumat verilib.
Nazir müavini təntənəli açılışı bildirən qırmızı lenti kəsib və bina ilə yaxından tanış olub. Məlumat verilib ki, tikintisinə ötən ilin dekabrında başlanmış 4 mərtəbəli, 30 mənzilli binanın ümumi sahəsi 2650 kvadratmetrdir. Binada 7 birotaqlı, 17 ikiotaqlı və 6 üçotaqlı mənzil var. Ən müasir standartlara uyğun inşa olunmuş mənzillərin bütün otaqları zəruri avadanlıq və inventarlarla təchiz edilib. Ümumi sahəsi 0, 38 hektar olan yaşayış kompleksinin ərazisində ventilyasiya, mərkəzi istilik sistemi və qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb, digər yardımçı sahələr yaradılıb. Həyətdə uşaq şəhərciyi salınıb. Ərazi işıqlandırma sistemi ilə təmin olunub, hasarlanıb, abadlıq və yaşıllaşdırma işləri görülüb.
Görülən işləri yüksək qiymətləndirən nazir müavini Rayon Polis Şöbəsinin əməkdaşlarının normal yaşamaları üçün lazımi şəraitin yaradılmasından məmnunluğunu bildirib.
V.Eyvazov qeyd edib ki, təkcə ötən il daxili işlər orqanları və Daxili Qoşunlar üçün müxtəlif təyinatlı 32 obyekt tikilib istifadəyə verilibr ki, bunun da 11-i ərazi polis orqanları üçün yeni inzibati binalar olub.
Həmin gün həmçinin RPŞ-nin ən müasir tələblərə cavab verən, yeni dizaynla tikilmiş 50 yerlik yeməkxanasının da açılışı olub.
Tədbirə yekun vuran polis general-leytenantı Vilayət Eyvazov əmin olduğunu bildirib ki, Qusar RPŞ-nin şəxsi heyəti yüksək diqqət və qayğıya rayonda sabitliyin, əmin-amanlığın nümunəvi qorunması və cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz layiqli töhfəsi ilə cavab verəcək.