BMT Təhlükəsizlik Şurasının (TŞ) üzvü kimi Azərbaycanın yanvar ayında on bir qapalı məsləhətləşmədə, üç formal debatda və beş brifinqdə iştirak edəcəyi gözlənilir.
Müzakirələr Yaxın Şərq, xüsusilə də Suriya və Liviyada cərəyan edən hadisələr, ədalətin və qanunun aliliyi, eləcə də BMT ilə Afrika Birliyi arasında əməkdaşlıq məsələləri ətrafında aparılacaq.
AzərTAc xəbər veruir ki, Təhlükəsizlik Şurasının bu gündəliyi yanvarın 4-də keçirilən plenar iclasda müəyyənləşdirilib. Azərbaycan həmin iclasda, TŞ-nin qeyri-daimi üzvü kimi, ilk dəfə iştirak edib. Şurada on beş dövləti təmsil edən nümayəndələrin qapalı müzakirələrindən sonra, yanvar ayında TŞ-yə sədrlik edən Cənubi Afrika Respublikasının (CAR) səfiri Baso Sanqu jurnalistlər qarşısına çıxaraq bildirib ki, münaqişələrin həlli kimi ümumi problemlər üzrə BMT ilə regional təşkilatlar arasında daha sıx strateji əməkdaşlıq yaradılmalıdır. Onun fikrincə, münaqişə baş verən ölkənin qonşuluğunda yaşayan dövlətlər ədavətdən daha çox əziyyət çəkdiyinə görə, məhz regional təşkilatlar münaqişələrin həllində vacib rol oynamalıdırlar.
2012-ci ilin dünyada sülh və təhlükəsizlik ili olmasını arzulayan CAR səfiri yanvarda aparılacaq müzakirələrin BMT TŞ-nin qarşısında duran məsələləri səmərəli şəkildə həll edəcəyi ilə yanaşı, il boyu qurumdaxili birliyə təkan verəcəyinə də ümidini ifadə edib.
Modern.az