Bu gün Azərbaycan Milli Ordusunun Qarabağ müharibəsində həyata keçirdiyi ən uğurlu döyüşlərdən biri - Horadiz əməliyyatının növbəti ildönümü qeyd olunur.
Həmin döyüşün iştirakçıları saat 15.00-da Şəhidlər Xiyabanında toplaşacaqlar. Bu barədə Modern.az-a istefada olan zabit Üzeyir Cəfərov məlumat verib.
Xatırladaq ki, Horadiz əməliyyatı 1993-cü il dekabrından başlamış 6 yanvar tarixinə kimi davam etmişdi. O zaman ermənilərin Beyləqana hücumunun qarşısını alan Milli Ordu əks-hücuma keçmiş və qısa müddətdə Araz çayı boyunca yerləşən 22 yaşayış məntəqəsini düşmən işğalından azad etmişdi. Azərbaycan Milli Ordusu Füzuli rayonunun Horadiz qəsəbəsini və 20 kəndini, eyni zamanda Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini geri ala bildi. 21 min hektar ərazi düşmən tapdağından xilas olundu. Bu döyüşlərdə erməni tərəfin itkiləri Azərbaycan tərəfindən bir neçə dəfə çox oldu.
Horadiz əməliyyatı Azərbaycan Milli Ordusunun 1994-cü il qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub.
Horadiz əməliyyatında iştirak edən 702-ci briqada 5 yanvar tarixində bir gün ərzində qənimət olaraq 3 tank, 1 ədəd "Şturm-S", 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürüb. Düşmən ağır itkilər verərək cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib.
Modern.az