ADU-da qış imtahan sessiyasına start verilib. Yanvarın 5-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin I-III kurslarında keçirilən imtahanların gedişini izləyib. ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovadan aldığımız məlumata görə, rektor S. Seyidov “Azərbaycan dili və nitq mədəniyyəti”, “Azərbaycan dili”, “Alman dili”, “Fransız dili”, “İngilis dili”, “İvrit dili”, “Hind dili”, “İndoneziya dili”, “Yapon dili”, “Ərəb dili”, “Norveç dili”, “İnformatika və kompyuter texnologiyası”, “Beynəlxalq münasibətlər tarixi”, “Beynəlxalq münasibətlər nəzəriyyəsi”, “ABŞ iqtisadiyyatı”, “Böyük Britaniyanın iqtisadiyyatı” və “ABŞ-ın iqtisadiyyatı” fənləri üzrə keçirilən intahanların gedişatı ilə tanış olub.
Normativ sənədlərə baxış keçirən ADU-nun rektoru imtahan sessiyasının şəffaf, obyektiv və qaydalara uyğun keçirildiyini bildirib. Rektor şikayətlərlə bağlı universitetdə Operativ ərargahın, eyni zamanda “Qaynar xətt”in fəaliyyət göstərdiyini tələbələrin diqqətinə çatdırıb. Universitetdə tələbələrin tədrisi üçün bütün imkanların yaradıldığını nəzərə çatdıran S. Seyidov imtahanlarda tələbələrə uğurlar arzulayıb.
Qeyd edək ki, ADU-da qış imtahan sessiyasına bu gündən start verilib. Universitetin rektoru, millət vəkili, professor Səməd Seyidovun 3 dekabr 2011-ci il 99 saylı əmrinə əsasən yanvarın 5-dən universitetdə qış imtahan sessiyası başlayıb. Qış imtahan sessiyası 5 fakültənin (Tərcümə, Fransız dili, Alman dili, Filologiya, Regionşünaslıq və Beynəlxalq münasibətlər) əyani gündüz, 1 saylı İngilis dili fakültəsinin əyani gündüz və qiyabi şöbələrində, 2 saylı İngilis dili fakültəsinin isə əyani gündüz və axşam şöbələrində aparılır. Qiyabi şöbədə də sessiya müddəti isə 5 yanvar 2011-ci ildən 6 fevral 2012-ci ilədək müəyyən edilib. Sessiya ərzində veriləcək imtahanların ümumi sayı 750-dir. Bu gün 1 saylı İngilis dili, Alman dili, Fransız dili, Tərcümə, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültələrinin tələbələri ilk imtahanlarını veriblər.
Onu da əlavə edək ki, qış imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah da yaradılıb. Tədris şöbəsinin müdiri Lyudmila Muradovanın rəhbərlik etdiyi Operativ Qərargahın üzvləri Xüsusi şöbənin rəisi Elçin Tağıyev, Tələbə Həmkarlar Təşkilatının sədri Hafiz Rəhimov, Tələbə Gənclər Təşkilatının sədri Şahin İsmayılov və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovadır. Bununla yanaşı, ADU-nun 440-35-02, 440-64-82 saylı şəhər və 122, 141,146 saylı daxili telefonları, eləcə də [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib. Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün binaların görkəmli yerlərində müvafiq qutular qoyulub. Fakültə dekanları və kafedra müdirlərinə tapşırılıb ki, imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunmasını təmin etsinlər. Tədris hissəsinə isə fakültələrdə imtahan yazı işlərinin kodlaşdırılmasını təmin etmək, həmçinin bütün fakültələr üzrə imtahan sessiyasının vahid təqvim cədvəlini hazırlayıb müvafiq nəzarət qurumlarına təqdim etmək tapşırılıb.
Modern.az