“Türkmənçay müqaviləsinin bir neçə ildən sonra ləğv edilməsi və yeni müqavilənin imzalanması ilə bağlı məlumatlar hər halda İran tərəfinin təhdidir”. Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvi, deputat Fazil Mustafa deyib. Onun sözlərinə görə, İranın Türkmənçay müqaviləsinin ləğv olunduğunu elan etməyə hazırlaşması İranın özü üçün problemlər yarada bilər.
“Onda Rusiya ilə problemlərin çözülməsi məsələsində tarixi gərək alt-üst etsinlər. Bu İranın özünə ciddi narahatlıq yarada bilər. Məncə bu məsələdə bütövlükdə İranın özünün işğalçı dövlət kimi Azərbaycan ərazilərini işğal etməsi faktı gündəmə gətirilə bilər. Ona görə də belə bir addımı atmağa cəsarət etməzlər. Bu sadəcə təhdidən o tərəfə gedən məsələ deyil”.
Millət vəkili həmçinin qeyd edir ki, əgər belə bir sənəd olsaydı, İran bunu indiyə qədər ortaya çıxarardı.
“Sovet-İran müqaviləsi var və bu müqaviləyə əsasən, Xəzərin statusu, başqa məsələlərin tənzimlənməsi həyata keçirilir. Yenidən bu müqavilənin ortaya çıxarılması dünyada ciddi qəbul olunmaz və dəngələri poza bilər. Ona görə də məncə heç bir ciddi qurum bu məsələdə İrana dəstək verməyəcək” deyə Fazil Mustafa əlavə edib.
Modern.az