Modern.az

Prezident müşavirə keçirdi, 2012-ci il "İdman ili" elan olundu - YENİLƏNİB

Prezident müşavirə keçirdi, 2012-ci il "İdman ili" elan olundu - YENİLƏNİB

16 Yanvar 2012, 17:45


Yanvarın 16-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Modern.az-ın məlumatına görə, iclasda dövlət başçısı çıxış edib. İlham Əliyev bildirib ki, 2011-ci ildə ölkə qarşısında duran bütün sosial-iqtisadi vəzifələr uğurla icra edilib. Nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapıb. 2011-ci ildə iqtisadiyyatda ümumi artım 0,1 %, qeyri-neft sektoru 9,4 % olub.

Bu sektorun inkişafı yeni iş yerlərinin yaradılmasına da həlledici təsir göstərib. Ölkədə qeyri-neft sənayesinin çəkisi 11,1 faiz artıb.
İnflyasiya 1 rəqəmli səviyyədə qalıb, əhalinin pul gəlirləri 19,6 faiz olub. 2011-ci ildə investisiya qoyuluşunda rekord əldə olunub və bu rəqəm 20 milyard dollar təşkil edib. Onun 13 milyard dolları daxili, 7 milyard dolları isə xarici sərmayədir. Ümumilikdə isə son 2 ildə Azərbaycana 37 milyard dollar sərmayə qoyulub. Valyuta ehtiyatları ilk dəfə olaraq 40  milyard dolları keçib. 2011-ci ildə maaşlar, pensiyalar artırılıb, ünvanlı sosial yardım alan ailələrin sayı 120 minə çatıb.

“Biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik, bununla yanaşı, sosial siyasətdə də uğurlu addımlar atırıq” deyən dövlət başçısı bildirib ki, keçən il səhiyyə, təhsil, idman, mədəniyyət obyektlərinin tikintisi davam etdirilib. 2011-ci ildə 94 min yeni iş yeri açılıb ki, onlardan 73 mini daimidir. İşsizliyin səviyyəsi 2011-ci ildə 5,4 %, yoxsulluğun səviyyəsi 7,6 %-ə düşüb.

 Prezident İlham Əliyev bildirib ki, keçən il Azərbaycan xarici siyasətdə  də böyük uğurlar əldə edib. Ölkəmiz BMT TŞ-nin qeyri-daimi üzv seçilib. Bununla da Azərbaycan dünya birliyinin inamını və etimadını qazanıb. Prezidentin sözlərinə görə, Ermənistanın qeyri-konstruktiv mövqeyi sayəsində 2011-ci ildə də Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunmayıb.  Müsbət hallara gəlincə, dövlət başçısı 3 həmsədr ölkənin dövlət başçılarının status-kvonun qəbuledilməz olması ilə bağlı 2011-ci ildə verdiyi bəyanatı yüksək qiymətləndirib.
Bununla belə Prezident münaqişənin həllini sürətləndirmək üçün qəbul edilən qərarların yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Dövlət başçısı deyib ki, Azərbaycan öz hərbi gücünü artırır, 2010-cu ildə hərbi xərclərimiz 3 milyard 413 milyon dollar idisə, 2011-ci ildə bu, 3 milyard 474 milyon dollar təşkil edib.

“Bu gün ordumuz böyük imkanlara malikdir, biz bölgənin ən güclü ordusuna malikik” deyən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın hərbi imkanları Ermənistanda böyük təşviş yaradır. Prezident İlham Əliyev 2011-ci ilin Azərbaycanda “turizm ili” elan olunduğunu, bu çərçivədə böyük işlərin görüldüyünü, yeni müasir otellərin açıldığını, “Azərbaycan gəncliyi” Dövlət Proqramının qəbul edildiyini, Gənclər Fondunun yaradıldığını bildirib. Qeyd edib ki, 2011-ci ildə ölkənin enerji potensialının və yeni qaz yataqlarının kəşfi, mavi yanacağın nəqli və tranziti ilə də bağlı mühüm addımlar atılıb.

İqtisadi inkişaf naziri Şahin Mustafayev, baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov 2011-ci ildə ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat veriblər.

Prezident İlham Əliyev yekun çıxışında bildirib ki, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal iş görülməlidir.

“2012-ci ildə dövlət büdcəsinin xərcləri 22 milyard, icmal büdcə isə 25 milyard dollar olacaq” deyən dövlət başçısı ölkədə maliyyə intizamının gücləndirilməsi, bu sahədə şəffaflığın tam təmin edilməsi üçün imkanların olduğunu bildirib. Dövlət investisiya proqramının həcminin 5,7 milyard manat təşkil etdiyini deyən Prezident İlham Əliyev bildirib ki, 2012-ci ildə əsas diqqət içməli su və kanalizasiya layihələrinin icrasına yönəldiləcək. Suvarma və meliorasiya, qazlaşma layihələrinin icrası, elektrik enerjisi ilə təminat, İKT-nin və 2012-ci ildə ilk telekommunikasiya peykinin fəzaya buraxmağa hazırlaşan Azərbaycanda kosmik sənayenin inkişafı qarşıda duran prioritetlər sırasındadır. 2012-ci ildə ölkədə ərzaq təhlükəsizliyinin, kənd təsərrüfatının, sahibkarlığın inkişafı da diqqət mərkəzində olacaq,  Bakı və paytaxt qəsəbələrinin inkişafı proqramının icrası, sosial-infrastruktur obyektlərinin tikintisi, ekoloji problemlərin həlli, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam etdiriləcək.

Dövlət başçısı ordu quruculuğu istiqamətində tədbirlərin davam etdirilməsi, hərbi hissələrdə yaşayış və xidmət üçün yüksək şəraitin yaradılması, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib. Prezident İlham Əliyev bildirib ki, 2012-ci ildə Londonda Yay Olimpiya Oyunları keçiriləcək. Ölkəmiz üçün də mühüm əhəmiyyət daşıyan bu beynəlxalq səviyyəli yarışın keçirildiyi ildə Azərbaycanda 10 olimpiya-idman kompleksi tikiləcək, Olimpiya stadionun və gimnastika kompleksinin tikintisi fəal mərhələyə keçəcək, T.Bəhrmanov adına stadionun təmir-bərpası davam etdiriləcək. Bütün bunları nəzərə alaraq Prezident İlham Əliyev 2012-ci ili idman ili elan edib və bununla bağlı müvafiq sərəncamın imzalanacağını bildirib.

Müşavirədə iqtisadi inkişaf naziri Şahin Mustafayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov çıxış ediblər.

Prezident İlham Əliyev müşavirəyə yekun vurub.


Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal