Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda səfərdə olan Gürcüctan parlamentinin vitse-spikeri Fridon Toduanın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşüb.
Modern.az-ın verdiyi məlumata görə, Allahşükür Paşazadə Gürcüstan-Azərbaycan əlaqələrinin daim yüksək səviyyədə olduğunu və bunun hər iki dövlətə böyük müsbət təsir etdiyini bildirib.
Qarşıdan 20 Yanvar faciəsinin növbəti il dönümünün gəldiyini deyən QMİ-nin sədri belə bir faciənin sovet ordusu tərəfindən ilk dəfə 1989-cu il 9 aprel tarixinə Tbilisidə törədildiyini dilə gətirib.
“Mən həmin vaxt Kremlin Qurultaylar Sarayında idim. O zaman Gürcüstana Patiaşvili rəhbərlik edirdi. Biz Gürcüstan nümayəndə heyəti ilə yanaşı oturmuşduq. Hadisələrə rəhbərlik edən general Rodionov çıxış edərək buna bir növ haqq qazandırdı.
Gürcüstan nümayəndə heyəti etiraz əlaməti olaraq zalı tərk etdi. Mən də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin ikinci katibi işləyən Polyaniçko ilə yanaşı əyləşmişdim. Mən də gürcülərlə həmrəy olaraq salonu tərk etdim. Polyaniçko bu zaman əlimi tutaraq, “sən hara gedirsən” dedi. Cavabımda qeyd etdim ki, bu Qafqazdır, başqa cür münasibət ola bilməz.
Bu gün onlar, sabah biz. Elə o vaxt hiss edirdik ki, bizdə də belə bir hadisə baş verəcək. Çox təəssüf ki, bir neçə ay keçməmiş 20 Yanvar faciəsi baş verdi. İnsanlar sovet qoşunlarının bu qədər qəddarlıq edəcəyini bilmirdi”.
A.Paşazadə vurğulayıb ki, ancaq bu bir tarixdir və bu olmasaydı Azərbaycan da, Gürcüstan da bu gün müstəqil, azad dövlətlər olmazdı.
A.Paşazadə eyni zamanda bildirib ki, Ermənistan və ermənilər heç zaman Gürcüstana dost olmayacaq.
“Onlardan sizə dost olmaz. Bunu bilmək lazımdır. Onlar ac olanda sizə yalvaracaqlar, tox olanda isə sizi vuracaqlar. Buna görə onlara güvənmək lazım deyil”.
Öz növbəsində Fridon Todua isə qeyd edib ki, həm Azərbaycanda, həm də Gürcüstanda dini liderlərə böyük hörmət, xüsusi rəğbət var.
“Bu insanlara hər iki xalqın ən ali insanları kimi qiymət verilir”.
F.Todua eyni zamanda qeyd edib ki, Azərbaycan və Gürcüstan xalqları bir olublar, ortaq tarixi ənənələr malikdirlər, problemləri və sevincləri də eynidir.
“Həri iki dövlət ərazi bütövlüyünün pozulması problemindən əziyyət çəkir”.
O qeyd edib ki, bu problemlərdən ancaq birlikdə, qarşılıqlı dəstək verməklə çıxmaq olar.
Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva şeyxülislamın bütün həssas məsələlərdə daim birmənalı mövqe ortaya qoyduğunu diqqətə çatdırıb.
O bildirib ki, hər iki xalqın dini liderləri bu xalqların və dövlətlərin, qarşılıqlı münasibətlərinin daha da yüksəlməsində xüsusi mövqeləri, çəkiləri var.
“Bu iki xalq tarixən bir-biri ilə bağlı xalqlar olub. Bundan sonra da hər iki xalq bütün məsələlərdə, addımlarda birgə olacaqlar”.
Modern.az