Xarici İşlər Nazirliyi 2011-ci ilin yekunları ilə bağlı hesabatını açıqlayıb. Modern.az saytının məlumatına görə, XİN Dağlıq Qarabağ münaqişəsilə bağlı aparılan danışıqlar barədə bildirib ki, 2011-ci il ərzində Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə danışıqlar davam etdirilib.
İl ərzində davam etmiş danışıqlarda Azərbaycan ölkənin ərazi bütövlüyü və suverenliyinin bərpası, işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən çıxarılması, yurdundan didərgin düşmüş məcburi köçkünlərin öz evlərinə qayıtması, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmasının sülh şəraitində birgə yaşayışının təmin edilməsi, ərazilərin bərpası və kommunikasiyaların açılması və sonrakı mərhələdə hər iki icmanın iştirakı ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ bölgəsinin statusunun müəyyənləşməsi mövqeyindən çıxış edib.
Azərbaycan tərəfi işğal edilmiş ərazilərdə təbii sərvətlərin və mədəni irsin talan edilməsi, qeyri-qanuni məskunlaşdırma, məcburi köçkünlərin mülkiyyət hüquqlarının pozulmasına beynəlxalq hüquqi-siyasi qiymətin verilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətini davam etdirib. Azərbaycan tərəfinin təşəbbüsü ilə 2010-cu ilin 6-13 oktyabr tarixlərində işğal olunmuş ərazilərə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rəhbərliyi altında təşkil edilmiş beynəlxalq dəyərləndirmə missiyasının hesabatı cari ilin mart ayında açıqlanmışdır. Hesabatda Azərbaycan tərəfinin narahatlığının əsaslı olduğu, işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşma faktlarının aşkarlandığı, yaşayış məntəqələrinin talan edildiyi öz əksini tapıb. Dəyərləndirmə missiyası bölgədəki status kvonun qəbuledilməz olduğunu bir daha təsdiq edib.
Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olmasına şərait yaradacaq Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində, dünya birliyinin daha qətiyyətli və ardıcıl mövqedən çıxış etməsi və Ermənistanı beynəlxalq birliyin nüfuzlu üzvləri olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin təklif etdiyi başlıca prinsiplər əsasında münaqişənin bir dəfəlik həllini nəzərdə tutan yekun sülh sazişi üzərində işə başlamasına vadar etməsinə ümid bəsləyir.
Modern.az