Xarici İşlər Nazirliyi 2011-ci ilin yekunları ilə bağlı hesabatını açıqlayıb.
Hesabatda bildirilir ki, ötən il beynəlxalq səviyyədə qarşılıqlı fəaliyyətin və əməkdaşlığın artması fonunda mürəkkəb və ziddiyyətli olub. Belə ki, dünyanın sabitliyi və inkişafına ciddi təhlükə yaradan böhranlı vəziyyətlərin və qarşıdurmaların yaranması ilə yadda qalıb. Xüsusən, Şimali Afrika və Yaxın Şərq regionunda bəzi vaxtlarda vətəndaş müharibəsinə belə səbəb olan sosial narazılıq dalğaları, nüvə silahının yayılması problemi ətrafında gərginlik, davam edən regional münaqişələr, maliyyə böhranı tendensiyaları müasir dünyanın kövrəkliyini və qarşılıqlı asılılığını tam olaraq əks etdirmiş oldu. Digər tərəfdən, bütün bu tendensiyalar həlli yalnız geniş beynəlxalq formatda, qlobal və regional səviyyələrdə mümkün olan vəzifələri şərtləndirib.
2011-ci ildə Azərbaycan Respublikası mötəbər qlobal və regional təşkilatların işində fəal iştirakını və səmərəli əməkdaşlığını davam etdirib. Ölkəmiz 24 oktyabr 2011-ci il tarixində keçirilən 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilərdə BMT üzv dövlətlərinin 155-nin dəstəyini qazanaraq qalib gəlib. Bu qələbə Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük qələbələrdən biri olmaqla Azərbaycanın son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz göstəricisi olaraq qəbul edilməlidir. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyanatında qeyd etdiyi kimi, “Müstəqilliyimiz dövründə - 20 il ərzində belə böyük uğurun əldə edilməsi doğrudan da tarixi nailiyyətdir”. SSRİ-nin dağılmasından bu yana Azərbaycan bu mötəbər quruma qeyri-daimi üzv olan 2-ci (Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda isə ilk) post-sovet ölkəsidir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü 2012-ci il 1 yanvar tarixindən başlayacaq və 2013-cü il dekabrın 31-ə qədər davam edəcək. Bu iki il müddətində Azərbaycan ilk dəfə 2012-ci ilin may ayında və növbəti dəfə əlifba sırasına uyğun olaraq, 2013-cü il ərzində Təhlükəsizlik Şurasının sədri funksiyalarını yerinə yetirəcək.
Bundan başqa hesabatda Azərbaycanın 26 may 2011-ci il tarixində İndoneziyanın Bali şəhərində Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransında hərəkatın üzvü seçilməsi, hərəkatın 118 üzvünün birtərəfli qaydada Azərbaycana dəstək nümayiş etdirməsi qeyd edilib.
İl ərzində Azərbaycanın BMT və digər beynəlxalq təşkilatların seçki strukturlarında daha yaxşı təmsilçiliyinin təminatı üzrə iş aparılması diqqət mərkəzində olub. Azərbaycan ötən ildə YUNESKO-nun 36-cı sessiyası zamanı təşkilatın bir neçə vəzifə və alt-qurumlarına üzv seçilməyə nail olub. Belə ki, sessiya çərçivəsində ölkəmiz yekdilliklə Baş Konfrasın vitse-presidentlərindən biri seçilib.
2011-ci ildə ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə də ənənəvi yüksək əkdaşlıq münasibətlərinin inkişafına xüsusi önəm verib.
Azərbaycanın xarici siyasət kursunda Avropa və Avro-Atlantik strukturlar ilə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin inkişafı prioritet sahələrdən birini təşkil etdiyindən, ölkəmiz bu istiqamətdə də uğurlu fəaliyyətini davam etdirib.
2011-ci ildə Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətləri xüsusilə intensiv qarşılıqlı yüksək səviyyəli səfərlərin baş tutması ilə əlamətdar olmuş, həmçinin tərəflər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində sənədlərin imzalanması ilə müşahidə olunub.
2011-ci ildə ölkəmizin Avropada mötəbər təşkilatlardan biri olan Avropa Şurasında üzvlüyünün 10-cu ildönümünün qeyd edilməsi ərəfəsində, Avropa Şurasının Nazirlər Komitəsinin qərarı ilə Azərbaycanda insan hüquqlarının müdafiəsi, demokratikləşdirmə və qanunun aliliyi sahəsində əldə edilmiş nailiyyətlərə qiymət verilərək, ölkəmizə münasibətdə 2001-ci ildən etibarən tətbiq olunan Aqo adlandırılan xüsusi monitorinq mexanizmi aradan qaldırılıb. Eyni zamanda, Avropa Şurası Parlament Assambleyasının 2011-ci ilin 28 yanvar tarixində keçirilmiş iclasında Dağlıq Qarabağ üzrə ad hoc komitəsinin fəaliyyətinin bərpa edilməsinə dair qərar yekdilliklə (Ermənistan nümayəndə heyəti istisna olmaqla) qəbul edilib.
Azərbaycanın NATO ilə də tərəfdaşlıq münasibətləri inkişaf etdirilib. Siyasi dialoq zamanı müdafiə sahəsində islahatlar, praktiki əməkdaşlıq, regionda təhlükəsizlik məsələləri, Azərbaycan-NATO münasibətlərinin gələcək inkişafı, o cümlədən Fərdi Tərəfdaşlıq Planının 3-cü mərhələsinin başlanması, əməliyyatlar, enerji təhlükəsizliyinə dair məsələlər müzakirə edilib. Bununla yanaşı, NATO-nun Mənzil Qərargahında enerji təhlükəsizliyi üzrə “28+1” (NATO üzv ölkələri və Azərbaycan) formatında iclas keçirilib.
Çoxtərəfli beynəlxalq əməkdaşlıq münasibətlərimiz bir sıra regional təşkilatlar, o cümlədən AQEM, MDB, GUAM, QDİƏT, İKT və s. çərçivəsində də davamlı olaraq inkişaf etdirilmişdir. Regional təşkilatlarla qarşılıqlı öhdəlik, anlaşma və əməkdaşlıq ruhunda artan əməkdaşlığımızın gücləndirilməsi bu təsisatlar çərçivəsində ölkəmizin nüfuzunun təşviqi və maraqlarının təminatı ilə yanaşı, beynəlxalq ictimai rəyin düzgün formallaşdırılması və istiqamətləndirilməsi baxımından da faydalı olub.
Regional məsələlərin müzakirəsi və ölkələr arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə 2011-ci ildə Almatı şəhərində keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Birinci Zirvə Toplantısı çərçivəsində TDƏŞ-in Dövlət Başçıları Şurasında (DBŞ) “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birinci Zirvə Toplantısının Bəyannaməsi” və “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Prosedur Qaydaları”nın təsdiq edilməsi haqqında Qərar imzalanmış və “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Prosedur Qaydaları”, “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin heyəti haqqında Əsasnamə” və “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının himayəsi altında fəaliyyət göstərən Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının Əsasnaməsi” TDƏŞ-in Xarici İşlər Nazirləri Şurası (XİNŞ) tərəfindən qəbul edilib.
Ötən il ərzində, Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun qurulmasında da oynadığı rol artıb. 2011-ci ilin aprel ayında Bakıda BMT, Avropa Şurası, YUNESKO, İSESKO və “Avronyus”-un dəstəyi ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Forumda mədəniyyətarası dialoqun konseptual, idarəçilik, siyasi və praktiki aspektləri müzakirə olunmuş, təcrübə mübadiləsi aparılmışdır. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevə, dünyanın müxtəlif ölkələrindən gələn siyasi, ictimai, elm və təhsil xadimləri, jurnalistlər və QHT-lərin nümayəndələri iştirak ediblər.
31 may - 02 iyun 2011-ci il tarixlərində Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası keçirilib. Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Hökumətinin dəstəyi ilə YUNESKO, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyası və AMEA tərəfindən təşkil olunan tədbirdə 80-ə yaxın xarici qonaq, o cümlədən YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin ekspertləri, YUNESKO-nun əməkdaşları, məruzəçilər və müşahidəçilər, eyni zamanda, Azərbaycan Hökumətinin nümayəndələri, elm xadimləri, Azərbaycanda akkreditə olunan diplomatik korpusun təmsilçiləri və mütəxəssislər iştirak ediblər.
10-11 oktyabr 2011-ci il tarixlərində Prezident İlham Əliyev və RF Prezidenti Dmitri Medvedevin himayəsi altında Bakı Beynəlxalq Humanitar Forumu keçirilib.
Bütövlükdə, 2011-ci il ərzində Prezident İlham Əliyevin xarici dövlətlərə dövlət, rəsmi və işgüzar səfərləri, habelə xarici dövlətlərin başçılarının Azərbaycan Respublikasına rəsmi səfərləri, Azərbaycan Respublikasının xarici ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyalarının iclasları, o cümlədən digər səviyyələrdə rəsmi səfərlər mübadiləsi nəticəsində 40-dan artıq dövlətlə 120-yə yaxın ikitərəfli beynəlxalq sənədin razılaşdırılıb imzalanması və sonradan müvafiq qaydada hüquqi qüvvəyə minməsi təmin edilib.
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya, Rusiya, İtaliya, Serbiya, Sloveniya, Belçika, Qazaxıstan, Polşa, İsveçrəyə dövlət, rəsmi və işgüzar səfərləri, Bolqarıstan, Macarıstan, Qazaxıstan, Türkiyə, Avstriya, Fələstin, Monteneqro, Polşa, Sloveniya, Serbiya, Çexiya, Ukrayna, Rumıniya, Litva, Yunanıstan, Bolqarıstan, Macarıstan, İsveçrə, Fransa, Belarus, Dominika, Sent Vinsent və Qrenadin dövlət və hökumət başçılarının Azərbaycana həyata keçirdikləri səfərlər, birgə hökumətlərarası komissiyaların və işçi qruplarının iclasları, XİN-lərarası siyasi məsləhətləşmələr ikitərəfli əməkdaşlığın dərinləşməsini təmin edilib.
Azərbaycan diplomatik nümayəndəliklərinin əhatə dairəsi də genişlənib və il ərzində Cənubi Afrika Respublikasında səfirlik, Bosniya və Herseqovinada diplomatik ofis fəaliyyətə başlayıb. Eyni zamanda Solomon adaları, Trinidad və Tobaqo ilə diplomatik əlaqələr qurulub.
Peşəkar kadrların hazırlanmasında Azərbaycan Diplomatik Akademiyasının (ADA) apardığı səmərəli fəaliyyət təqdirəlayiq olub. 2011-ci ildə ADA bir neçə yeni təşəbbüs və proqrama start verib.
Modern.az